20 İyul 2017 21:42
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan jurnalistləri 22 iyul Milli Mətbuat Günü öncəsi ən böyük mükafatı ölkə başçısı cənab İlham Əliyevdən aldı. Mənzilə ehtiyacı olan 255 jurnalistə bu gün yeni mənzillərin açarları hədiyyə edildi. Üstəlik, ölkə başçısı qələm əhlinin iştirakı ilə jurnalistlər üçün nəzərdə tutulmuş üçüncü binanın təməlini qoydu. Bu, təxminən üç ildən sonra daha 255 jurnalistin mənzil şəraitinin yaxşılaşdırılması deməkdir. Bugünkü tədbirdə diqqət çəkən məqamlardan biri də o idi ki, bir neçə dəfə jurnalistlərin dostu adına layiq görülən Prezident İlham Əliyev həmkarlarımızla olduqca səmimi görüşüb fotolar çəkdirdi, onların sevincinə şərik oldu. Prezident çıxışında bildirdi ki, Azərbaycan dövləti bundan sonra da mətbuata dəstək verəcək, onun maddi-texniki bazasının gücləndirilməsi üçün lazım olan tədbirləri həyata keçirəcək.

Bəs bu günə qədər dövlətin, ölkə rəhbərliyinin mətbuata göstərdiyi dəstək mediamızın inkişafına necə təsir göstərir? Bu sualla baş redaktorlara müraciət etdik.

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirdi ki, bu gün Azərbaycan mətbuatının oxucu kontingeti formalaşıb, mediaya münasibət ciddiləşib, eyni zamanda hakimiyyət-media arasında inkişafa xidmət edən əməkdaşlıq yaradılıb: "Müharibə aparan ölkə üçün bu çox vacib məsələdir. Dövlətin dəstəyi medianın xarici qüvvələrin nəzarətinə keçməsinin qarşısını alır. Qəzetçilər, jurnalistlər vətənin informasiya sərhədlərini qoruyan keşikçilərdir. Düşmənlə müharibə təkcə torpaq üzərində getmir, informasiya müharibəsi də müasir zamanda çox vacib məsələdir. Bu gün kənar qüvvələr, xarici dövlətlər sosial şəbəkələr vasitəsilə başqa dövlətlərə, ictimai fikirə ciddi təsir göstəririlər. Mətbuat ölkənin informasiya sərhədlərini, cəmiyyəti kənardan gələn zərərli məlumatlardan qorumalıdır. Bu mənada dövlətin mediaya yardımı olduqca vacibdir".

Rauf Arufoğlu hesab edir ki, Azərbaycan mətbuatının reklam, satışdan gələn gəlir hesabına güclənməsi daha arzuolunandır: "Amma Azərbaycanda reklam bazarı kiçikdir. Mətbuat öz-özünü saxlamaq gücündə deyil. Prezidentin mətbuatın ayaqda qalması üçün gördüyü tədbirlər, həyata keçirdiyi proqramlar təqdirəlayiqdir. "Yeni Müsavat" qəzeti olaraq bu gün bizim əslində 6 əməkdaşımıza yeni mənzillərin açarları verildi. Onlardan 4 nəfəri işçimiz, iki nəfər isə bizimlə əməkdaşlıq edən yazarlardır. Mənzilə sahib olan əməkdaşlarımız hakimiyyətə, prezidentə qarşı müxalif mövqedə olublar. Bunu bu gün cənab prezident çıxışında da bildirdi. Amma jurnalistlər arasında heç bir fərq qoyulmadan mənzillər ədalətli şəkildə bölüşdürüldü. Yaxşı olardı ki, yuxarıdan başlayan bu ədalət cəmiyyətə, məmur kontingetinə də sirayət etsin. Bir daha ölkə başçısına mediaya göstərdiyi dəstəyə görə təşəkkürümü bildirirəm".

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə, dövlətin göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan mətbuatı daha da inkişaf edib, maddi-texniki bazası güclənib: "Bu gün jurnalistikamızda yaradıcı mühit zənginləşib. Azərbaycanda mətbuata göstərilən dövlət dəstəyinin dünyada anoloqu yoxdur. Dövlətin media ilə bağlı siyasəti onu deməyə əsas verir ki, yaxın gələcəkdə mətbuatımız daha güclənəcək, jurnalistlərin sosial şəraiti indikindən dahha yaxşı olacaq. Bu gün tanınmış jurnalistlərə yeni mənzillərin açarları verildi. Onların içərisində "Xalq Cəbhəsi" qəzetinin əməkdaşları da var. Azərbaycan jurnalistikasına, o cümlədən, "Xalq Cəbhəsi" qəzetinə və onun əməkdaşlarına göstərdiyi diqqət və dəstəyə görə ölkə başçısı cənab ilham Əliyevə minnətdarlığımı bildirirəm".


Müəllif: Ruslan

Oxşar xəbərlər