Teleqraf.com xəbər verir ki, bunu Samux rayonunda qayınanası tərəfindən saçı qırxılan və intihara cəhd edən gəlin bildirib. Onun sözlərinə görə, ona şər və böhtan atılıb:
“Mənə şər atdılar. Mən anayam, iki oğlum var. Biri 9, digəri 6 yaşındadır. Uşaqlarım qayınanamgildədir. Şər atıldığını sübut edə bilsəm, uşaqlarımı onlardan alacam. İstəyirəm ki, bu məsələdə mənə kömək etsinlər. Mənə anam və ailəm inanmadı. Evdə idim, pəncərəmi tez-tez döyürdülər. Onlar neçə vaxt idi ki, məni izləyirdilər. Həyat yoldaşım da evdə yox idi, işdə idi. Mən də xalam oğluna zəng edib kömək istədim. Tərslikdən o, telefonu götürmədi. Axırda ailəvi dostumuz var, ona zəng etdim. Sən demə pəncərəni döyən iki nəfər imiş. Əllərində bıçaq hücum çəkdilər buna. Boynuma qoymaq istədilər ki, guya mən evə adam gətirmişəm. Qonşular tökülüb onu bacaqladı. Onun günahı yoxdur. İndi onu Samux rayonunda bir evə salıb bağlayıblar”.
Gəlin bildirib ki, saçları qayınanası tərəfindən qırxılıb:
“Saçlarımı qırxıblar. Məni elə hala salıblar ki, hamıdan utanım, camaat arasına çıxa bilməyim. Bunu qayınanam edib. O, dərzidir, əlinə iş qayçısını alıb kürəyimdən olan saçımı kəsdi. Onu da bu hərəkətə yoldaşımın əmisi vadar etdi. O dedi ki, “gəl onun saçını kəsək”. Qayınanam kəsmək istəmirdi. Qaynı onu məcbur elədi. Sonra anamı və atamı çağırdılar ki, gəlin qızınızı aparın. Mən də ora çatan kimi dərman içdim. İndi özüm də bilmirəm nə haldayam, güzgü də vermirlər ki, baxa biləm”.
Saçları qırxılan gəlin səhhətinin nisbətən qaydasına düşdüyün dedi. (Aznews.az)