25 İyul 2017 21:06
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 25-də ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə başlanılıb.

Teleqraf.com Təhsil nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.

Azərbaycan Texniki Universitetinin idman zalında keçirilən imtahanda dörd minədək namizəd imtahan verib.

Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən təxminən 47 mininin elektron ərizəsi təsdiqlənib.

İmtahanlarda iştirak edəcək müəllimlər www.miq.edu.az saytına daxil olmaqla “Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumatı əldə edə bilərlər.

İmtahana gələrkən müəllimlərdən özləri ilə şəxsiyyəti təsdiqləyən sənədin əslini və bildirişi gətirmələri xahiş olunur.

İmtahanlar avqustun 5-dək davam edəcək.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə dörd mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Namizədlər vakansiya seçimini müsabiqənin test mərhələsindən sonra edə biləcəklər.

Bu il müəllimlərin işə qəbulu müsabiqəsində tətbiq olunan daha bir yeniliyə əsasən ötən il keçid balını toplamış namizədlər yenidən qeydiyyatdan keçməklə topladıqları bala uyğun vakansiya seçimi mərhələsində iştirak imkanı əldə ediblər. Həmin namizədlər cari ildə keçiriləcək müsabiqənin test imtahanı mərhələsində iştirak etdikdə builki müsabiqənin nəticələri nəzərə alınacaq. Bu, Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən həyata keçirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər