29 İyul 2017 09:13
1 508
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 28-də "Sea Breeze" istirahət mərkəzində "Jara-2017" Beynəlxalq Musiqi Festivalının ikinci gününün konserti start götürüb. Konsertdən əvvəl müğənnilər qırmızı xalı üzərindən keçərək jurnalistlərin suallarını cavablandırıb, festivalın ilk günü ilə bağlı təəssüratlarını bölüşüblər.

Festivalın fəxri qonaqları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olub.

Festivalın ikinci günü SSRİ Xalq Artisti Sofiya Rotarunun yubileyinə həsr olunması "Jara"nın hərarətini daha da artırıb. Bakıya ən çox sevilən mahnıları ilə gələn ukraynalı müğənni tamaşaçıları Azərbaycan dilində salamlayıb və ilk olaraq məşhur "Çervona ruta" mahnısını oxuyub.

O, yubiley gecəsinin Bakıda, bu qonaqpərvər şəhərdə keçirilməsindən çox məmnun olduğunu bildirərək deyib ki, artıq səhnəyə çıxmasının 45 ili tamam olur. Yaşına gəldikdə isə, tamaşaçı alqışı ona yeni ruh verir.

Daha sonra Sofiya Rotaru bacısı Aureliya ilə birlikdə "Melanxoliye" mahnısını səsləndirib.

Polad Bülbüloğlu tamaşaçıları "Qorod moy Baku" mahnısı ilə salamlayaraq Sofiya Rotaruya yubileyi münasibətilə təbriklərini çatdırıb, festivalın müxtəlif xalqları bir araya gətirdiyini, musiqinin sərhəd tanımadığını vurğulayaraq, "Gəl, ey səhər" mahnısını ifa edib.

Sonra Qlyukoza Sofiya Rotarunun "Luna, luna" mahnısını oxuyub. Konsert proqramını Potap və Nastya, Nastya Zadorojnaya, Valeriya, Аlekseyev, Ani Lorak, Artik & Asti, Slava, "Vremya i Steklo", İrina Dubtsova, Jasmin, Timur Rodrigez, MBAND qrupu, LOBODA, Lev Leşşenko davam etdiriblər. Çoxsaylı tamaşaçılara məşhur müğənninin repertuarından ən populyar hitlər və onunla birgə ifalar təqdim olunub.

Sofiya Rotaru yenidən səhnəyə qalxaraq sevilən mahnılarını səsləndirib və Qriqori Lepslə duet oxuyub.

Konsert proqramı Sofiya Rotaru və EMİN-in dueti ilə davam edib. Onlar ötən əsrin ən məşhur hitlərindən biri olan "Lavanda" mahnısını oxuyublar.

EMİN Sofiya Rotaruya yubileyinin Bakıda qeyd olunmasına razılıq verdiyinə görə təşəkkürünü bildirib. Sofiya Rotaru dəvətə görə minnətdarlığını ifadə edərək bu gecəni heç vaxt unutmayacağını deyib.

Yubiley tədbiri Sofiya Rotarunun EMİN-ə həsr etdiyi "Tı samıy luçşiy" mahnısı və Azərbaycanı vəsf edən mahnı ilə yekunlaşıb.

Konsertin gedişində məşhur müğənninin yaradıcılığı ilə bağlı fikirlər səslənib, oxuduğu mahnıların bir neçə nəslin musiqi zövqünü formalaşdırdığı vurğulanıb. "Jara" festivalının Azərbaycanla Rusiya arasında dostluq münasibətlərinin möhkəmlənməsinə özünəməxsus töhfə verdiyi xüsusi qeyd olunub.

Festivalın fəxri qonaqları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olub.

Xatırladaq ki, iyulun 29-da festival çərçivəsində daha bir unudulmaz gün yaşanacaq. "Jara"nın üçüncü günü musiqisevərləri dünyaca məşhur estrada ulduzu Alla Puqaçova ilə maraqlı görüş gözləyir. Həmin gün səhnəni Alla Puqaçova ilə birgə digər tanınmış ifaçılar - Filip Kirkorov, A'Studio, LOBODA, EMİN, Valeri Meladze, Ani Lorak, Dima Bilan, Layma Vaykule, Kristina Orbakayte, Diana Arbenina, Aleksandr Panayotov, Slava, Aleksandr Revva, Vladimir Presnyakov, Fabrika, Albina Canabayeva, Maksim Qalkin, Qlyukoza, Alessandro Safina, Stas Mixaylov, Oleq Qazmanov, Dmitri Malikov, Anjelika Aqurbaş, Darya Antonyuk və başqaları bölüşəcəklər.

Festival iyulun 30-da Qriqori Lepsin yaradıcılıq gecəsi ilə başa çatacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər