ETSN-dən Teleqraf.com-a verilən məlumata görə, iyulun 31-də saat 14 radələrində Şəki rayonunun Bakkal kəndi yaxınlığında Göynük meşəbəyliyinin 2 saylı dolayında yanğın baş verib.
Yanğın baş vermiş əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şəki və Qax Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Hava şəraitinin küləkli olması səbəbindən yanğının söndürülməsində çətinliklər yaransa da Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələrinin və ETSN-nin əməkdaşlarının ciddi səyləri nəticəsində artıq lokallaşdırılıb. Meşənin kol-kos ərazisində baş verən yanğının qarşısının alınması və közərən sahələrin söndürülməsi üçün mümkün olan bütün vasitələrdən istifadə edilir.
İlkin ehtimala görə, yanğının baş verməsinə səbəb vətəndaşların odla ehtiyatsız davranması olub. Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.