Teleqraf.com yayılan xəbərin nə dərəcədə həqiqəti əks etdirdiyini dəqiqləşdirmək üçün BDU-nun Mətbuat və informasiya şöbəsinə müraciət edib.
Şöbədən saytımıza bildirildi ki, ilahiyyat fakültəsinə bakalavr və magistratura səviyyəsi üzrə qəbul davam edir. Sadəcə, bu fakültənin Dinşünaslıq ixtisasına bakalavr səviyyəsi üzrə plan yeri ayrılmayıb, lakin adıçəkilən ixtisas üzrə magistr pilləsinə qəbul keçiriləcək. Dinşünaslıq ixtisasına bakalavr qəbulunun dayandırılmasına səbəb artıq bir neçə ildir ki, həmin ixtisasa qəbul üçün müraciət edənlərin olmamasıdır.
Ölkəmizdə dinşünaslıq ixtisasına, doğrudanmı, maraq azalıb? Azalıbsa bu, nə ilə bağlı ola bilər?
Millət vəkili Fazil Mustafa və tarixçi alim Dilavər Əzimli məsələyə münasibət bildirib.
Fazil Mustafa hesab edir ki, dinşünaslıq ixtisasının bağlanması yanlış addımdır: "Bu, qardaş Türkiyə ilə bağı olan növbəti məktəb sisteminin fəaliyyətinə xitam verilməsi deməkdir. Bunun Azərbaycan saatı ilə işləyənlərin maraqlarına uyğun olmadığı aydındır. Ancaq bu, ən çox Qum saatı ilə işləyənlərin işinə yarayacaq. Bu yanlış addıma görə təəssüfümü və üzüntümü bildirirəm. Çünki bu fakültənin məzunlarının hesabınadır ki, din sferasında cahillik, xurafat, bizə düşmən ölkələrin maraqlarına xidmət etmə hərəkətləri baş alıb getmir”.
Tarixçi-alim Dilavər Əzimli isə fərqli düşünür. O, qərarı alqışlayır:
"Hər hansı bir ixtisasın bağlanması yaxşı hal deyil. Lakin dövlətin müvafiq dini siyasəti var və dövlət bu məsələyə ciddi önəm verir. Hesab edirəm ki, dini fəaliyyətlə bağlı yaxşı siyasət aparılır. Qafqaz Universiteti bağlananda da düşünmüşdük ki, bu universitet yaxşı tələbə yetişdirir, yaxşı vergi verir, heyf bağlandı. Amma bu məsələnin arxasında Fətullah Gülən şəbəkəsi dayanırdı. Həmin şəbəkə bu gün bütün Qırğızıstanı bürüyüb. Türkiyədə nail ola bilmədiklərinə, orta Asiyada nail olurlar. Bu baxımdan Azərbaycanın dini siyasətini yalnız dəstəkləmək lazımdır”.