2 Avqust 2017 19:38
1 878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov vətəndaşlara dərman alarkən diqqətli olmağı tövsiyə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə birliyin sədri Feysbuk hesabından vətəndaşlara çağırış edib.

Onun sözlərinə görə, əhaliyə keyfiyyətsiz dərman satılması barədə birliyə şikayət daxil olub.

Könül Zeynalova ad-soyadlı şikayətçi yazıb: “Mən 10.06.2017 tarixdə Bakı şəhəri, Binəqədi rayonu 8-ci mkr, H.Hüseynov 18 ünvanda yerləşən “Elit” aptekindən həkimin resepti əsasında 12.76 manat ödəyərək 1 qutu “Çerakson” ampulalarını aldım.

Həkim mənə iynə vuran zaman halım pisləşdi. Diqqətlə boş ampulaya və onun qutusuna baxdım. Məlum oldu ki, hər bir ampulanın üzərində buraxılma tarixi 07.2014, son tarix isə 07.2017 yazıldığı halda, qutunun üzərində buraxılma tarixi 01.2016, son yararlılıq tarixi 01.2019 göstərilib. Dərmanın içliyi də rus dilində idi. Deməli, məni aldadıblar. Ampulalar başqa qutuya yerləşdirilib.

Bundan öncə mənə bu yolla “urofit” dərmanı da satılıb və irad bildirəndə “içəcəksən də, heç nə olmaz” deyiblər. Qeyd edirəm ki, bu aptekdə əksər hallarda dərmanların üzərində qiymət və holoqram olmur. Dərmanlar istənilən qiymətə satılır. Mən bu barədə İqtisadiyyat Nazirliyinə müraciət etdim və təsdiqedici rəsmi cavab alsam da, vəziyyət düzəlməyib”.

Eyyub Hüseynov qeyd edib ki, vətəndaşlar diqqətli olmalıdır: “Bu cür hallarla qarşılaşdıqda müvafiq orqanlara məlumat verməlidrilər”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər