3 Avqust 2017 00:26
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yay aylarında daha çox soyuqdəyməyə qarşı dərmanlar, xüsusilə antibiotiklər və vitamin tərkibli preparatlar əlavə təsirlər göstərərək orqanizmdə problemlər yarada bilər.

Teleqraf.com xəbər verir ki, bunu "Trend"ə Azərbaycan Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, dərmanların qəbulu nəticəsində əlavə təsirlərin yaranıb-yaranmayacağı orqanizmdən asılıdır: "Həssaslığı olan şəxslərdə dərmanlara qarşı allergiya yaranır. Hər bir orqanizm üçün həssas olan dərmanlar var. Əgər kimsə orqanizminin həssas olduğunu bilirsə, yay aylarında özünü dərmanlardan qorumalıdır. Bilməyən şəxs isə dərman qəbulundan əvvəl yarım həb içməklə onun təsirini yoxlamalı, orqanizminin allergiya verib-verməyəcəyini əvvəlcədən müəyyənləşdirməlidir".

A.Maqsudov deyib ki, allergiya yaradan dərmanların təsirləri onun sınaq məqsədi ilə qəbulundan sonrakı 1-2 saat ərzində özünü göstərir. Bu əlamətlər qaşınma, dəridə qızarma, mədə-bağırsaqda narahatlıq ola bilər.

A.Maqsudov bildirib ki, bu il ərzində KTM-ə dərmanın yaratdığı əlavə təsirlərlə bağlı 248 nəfər müraciət edib.

Onun sözlərinə görə, dərmanların qəbulundan sonra yaranan şikayətlərlə bağlı KTM-ə daha çox qış aylarında müraciətlər edilir: "Soyuq aylarda soyuqdəyməyə qarşı dərman içənlərin sayı çox olur. Ona görə də yanar-fevral aylarında dərmanların yaratdığı əlavə təsirlərlə bağlı edilən müraciətlər artır. Lakin yay aylarında dərmanların əlavə təsirləri ilə müraciət edən xəstələrin sayında çoxalma qeydə alınmır. Yalnız iyun ayında 11, iyulda 7 nəfər dərmanın yaratdığı allergiya ilə bağlı KTM-ə müraciət edib".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər