4 Avqust 2017 08:55
2 911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəlki dövrdən fərqli olaraq indi əksər bölgələrdə “üç” və “yeddi” mərasimləri birləşdirilib.

Bunu Teleqraf.com-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

Onun sözlərinə görə, Dövlət Komitəsi yas mərasimlərində israfçılıq məsələsinə dəfələrlə münasibət bildirib:

“Yas mərasimlərində israfa yol verilməməsi ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin tövsiyələri var. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də həmin tövsiyələrin yerlərdə tədbiq olunması, insanlar arasında yayılması ilə bağlı mütəmadi iş aparır.

Tövsiyənin mahiyyəti ondan ibarətdir ki, yas mərasimlərində israfa yol verilməməli, mümkün qədər insanların maddi vəziyyəti nəzərə alınmalıdır. Belə demək mümkünsə, daha çox fərdi nümunələr göstərilməlidir”.

Sədr müavini bildirib ki, Komitə QMİ ilə birlikdə bu istiqamətdə maarifləndirmə işləri aparır:

“Bunun nəticəsidir ki, əvvəlki illərlər müqayisədə son dövrlər yas mərasimləri ilə bağlı irəliləyişlər var. Məsələn, əvvəlki dövrdən fərqli olaraq indi əksər bölgələrdə “üç” və “yeddi” mərsimləri birləşdirilib. Cümə axşamı, adna kimi mərasimlərin də xeyli hissəsi yığışdırılıb”.

Gündüz İsmayılov qeyd edib ki, ehsan süfrələrində də xeyli dəyişiklik olub:

“Bu məsələlərdə inzibati qaydalarla yox, maarifləndirmə, təbliğat hesabına xeyli müsbət nəticələr əldə etmişik. Bu məsələdə QMİ, yerli icra hakimiyyəti, din xadimləri ilə dini icmalarla yaxından işləyirik”.

Bəs islamda insan dünyasını dəyişdikdən sonra hansı vacib əməllər icra olunmalıdır?

Məşədi Dadaş məscidinin imamı, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənlinin sözlərinə görə, islamda insan dünyasını dəyişdikdən sonra bir neçə vacib əməl var ki, onlar icra olunmalıdır:

“Ölüyə qüsl verilməsi, onun kəfənə bükülməsi, cənazə namazının qılınması və meyitin dəfn edilməsi vacib əməllərdir. Bundan sonra hər hansı vacib əməl qalmır. Yəni, dəfndən sonra ehsan verilməsi, məclislərin təşkil olunması vacib əməl deyil”.

Hacı Şahin Həsənli bildirib ki, ehsanlarla bağlı QMİ-nin də tövsiyələri var:

“Tövsiyələrdə yas mərasimlərində israfçılıq yolverilməz hesab olunur. “Ehsan” sözü ərəbcədən tərcümədə “yaxşılıq” mənasını verir. İstənilən xeyirxah, yaxşı əməl edib, dünyadan köçmüş insana nəyisə hədiyyə edilməsi də ehsan sayılır. Harasa körpü, su çəkmək, kitab yazmaq, tələbələrin təhsil haqqına yardım göstərmək kimi xeyirxah əməlləri dünyadan köçən insana hədiyyə etmək olar. Bütün bunlar ehsandır”.

QMİ-nin nümayəndəsi deyir ki, yas məsələrində israfçılığa yol verməmək maarifləndirmə məsələləri ilə tənzimlənə bilər: “İllərlə yaranmış adətləri bir anın içində dəyişmək olmur.

Ehsan verilməsini dinimiz qadağan etmir. Ehsan verilə bilər, amma israfçılıq olmaz. Ehsan vermək rəqabət vasitəsinə çevrilməməlidir”.

İlahiyyatçı Elşad Miri deyir ki, islamda hüzr günləri iki əsas mənbəyə müraciət edilərək keçirilməlidir:

“Birincisi Qurani-Kərim, ikincisi isə peyğəmbərimizin hədisləridir. Ölən insanla bağlı dörd əsas məsələ var: vəfat edənin yuyulması, kəfənə bükülməsi, cənazə namazının qılınması və dəfn olunması. Digər əməllərin heç birinin ölən insana faydası yoxdur”.

Elşad Miri bildirib ki, dövlətin bu məsələyə müdaxilə etməsi dinə qarışmaq kimi anlaşılmamalıdır:

“Varlı insanlar yas mərasimini yola verərkən islamdakı meyarlara uyğun davranmalıdırlar. Bu zaman kasib və imkansızlar əziyyət çəkib, ehsan vermək üçün borca düşməməlidir. Məsələyə geniş aspektdən yanaşmaq lazımdır. İnzibati tədbirlərə əl atmadan maarifləndirici təbliğatlar lazımdır”.

Qeyd edək ki, bir neçə gün əvvəl bir azərbaycanlı atası üçün 40 mərasimi keçirməyib, əvəzində Kambocada onun şərəfinə bulaq tikdirib. O bunu israfçı mərasimlər əvəzinə xeyirxah iş görmək istəyi ilə əlaqələndirib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər