22 İyul 2014 12:48
2 294
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda istirahət parklarının sayı artır. Amma genişlənən parklarda yaşıllıqdan çox mərmər örtüklərə üstünlük verilir.

“Davamlı İnkişaf” Araşdırmalar Mərkəzinin direktoru Nəriman Ağayevin fikrincə, parklarımızdadaş örtüklərdən çox, xüsusilə yerli şəraitə uyğun yaşıl örtüyün salınması daha məqsədəuyğundur.

“Radiasiyanın artmasına səbəb olur”

Mütəxəssisin bildirdiyinə görə, hazırda istirahət parklarında 40 faizdən çox mərmər örtük salınır ki, bu örtüklər də çox da davamlı olmadığı üçün israfçılığa yol verilir: “Mərmərin, qranitin gətirilib istirahət parklarına döşənməsi radiasiya fonunun artmasına səbəb olur. Yaşıllıq həm estetikadır, həm də istiliyi udur. Yerli şəraitdə yaşıllığı yaratmaq mümkündür, amma mərmər bizə xaricdən gətirilir ki, bu da maliyyə vəsaitimizin başqa ölkələrə axını deməkdir. Digər tərəfdən, müşahidələr də göstərir ki, bu örtüklər tez sıradan çıxır. 5-6 ay sonra onların təmirə ehtiyacı olur. Hesab edirəm ki, yerli şəraitə uyğun yaşıllığın salınması daha az məsrəfli və məqsədyönlü olar”.

Deputat: “Parkdan çox muzeyə oxşayır”

Millət vəkili Musa Quliyev isə bildirib ki, Bakıda parkların zövqlə bəzədilməsi təqdirəlayiq olsa da, daş döşəmələrin, mərmər üzlüklərin çoxluğu həm ekoloji baxımdan, həm də iqtisadi baxımdan əlverişli deyil: “Bəlkə də Bakı dünyanın az şəhərlərindəndir ki, parklarında daş, mərmər döşəmələr otdan, yaşıllıqdan çoxdur. Bakıda parklar çox gözəl düzəldilib. Bunu hər kəs təsdiqləyə bilər. Amma daş, mərmər örtüklər parkları daha çox muzeylərə oxşadır. Halbuki parklarda daş örtüklər əvəzinə yaşıllıq olmalıdır. Bu, həm də ekoloji təmizlik deməkdir. Yaşıl örtük daş, mərmər kimi qızmır, şüalanma vermir. Dünyanın çox yerində insanlar parklarda sanki təbiət qoynunda olduğu kimi istirahət edir. Bizim parklarda isə bu, mümkün deyil. Mərmərin üstündə o tərəf, bu tərəfə nə qədər gəzmək olar? Mərmərdən, daşdansa, heç olmasa, qazon əksinlər”.

Qazon Abşeron üçün əlverişli deyil

Mərkəzi Nəbatat bağının baş aqronomu Asif Mehrəliyevin fikrincə isə, yaşıl çəmənliklərin salınması Abşeron zonasında bir qədər baha başa gələn prosesdir, amma qazon əvəzinə başqa çəmən bitkilərindən istifadə etmək mümkündür: “Çünki qazon ən azından gündə iki dəfə suvarılmalıdır. Həm də Abşeronda güclü küləklərə, kəskin istilərə davamsız olduğu üçün tez sıradan çıxır. Bu bitkilər bir gün suvarılmasa, quruyur. Qazon bitkisinin üç ildən artıq ömrü olmur, nadir hallarda 4-5 il yaşaya bilir. Ona görə vaxtilə mütəxəssislər deyirdi ki, qazon Abşeron üçün əlverişli ot örtüyü deyil. Qıfotu, karbrotus-qatırdırnağı, karborantis deyilən bitkilər varki, onlar ətli, şirəli bitkilərdir, suya tələbatı çox deyil, bu bitkilər Abşeron mühiti üçün çəmənlik yaratmaq xüsusiyyəti daha əlverişlidir. Amma su olan yerdə ən əlverişlisi əlbəttə qazondur”.

Dədə Qorqud parkında oturmaq mümkün deyil

Mütəxəssis dedi ki, sarmaşan bitkilər, lianalar, daş sarmaşığının çox müxtəlif növləri, üzüm fəsiləsindən olan bitkilərin növləriilə parkları yaşıllaşdırmaq olar. Məsələn, Dədə Qorqud parkının yaşıllaşdırılması üçün bir memara layihə təqdim etmişəm. O parkda çox daşlardan istifadə olunub, yaşıllıq azdır, park çox çılpaq görünür. Ona görə yay aylarında gündüz orada oturmaq mümkün deyil. Orada dəmir besedkaların üzərinə dəmir vurmaqdansa, sarmaşan bitkilər örtmək çox yaxşı olar”.

Aqronom: “Nəbatat bağında 10 min zeytun tingi var”

Mütəxəssisin sözlərinə görə, Abşeronda parkların ağaclarla yaşıllaşdırılması üçün daş palıd, zeytun, eldar şamı, xaricdən gətirilən kupresusmakrokarpa (xalq arasında limonnu sərv ağacı deyilir), kupresusleylan bitkiləridir: “Hətta mən deyərdim ki, bütün Azərbaycanı daş palıdla bəzəmək olar. Gözəl kölgəlik verir, həm quraqlığa, həm küləyə, həm də torpaq şoranlığına davamlıdır. Abşeronda yaxşı toxum vermə qabiliyyəti də var. Kölgəliyində nazaliya, kameliya kimi bitkiləri də yetişdirmək olar. Bundan başqa Avropa zeytunu növünün Abşeron, Bakı sortları sırf bu ərazi üçün xarakterikdir. Nəbatat bağından istəyən olsa, bizim bu bağda 10 milyonlarla zeytun şitili var. Çox təəssüf ki, xaricdən baha qiymətə gətirilir”.

Tövsiyə: “Ağacəkmə mövsüməuyğun aparılsın!”

Aqronom parklarda ağacların əkilməsininmövsümə uyğun aparılmasını da tövsiyə etdi: “Abşeron ərazisində ağacəkilməsi payız aylarında sentyabrın 22-dən dekabrın ortalarına qədər əkilməlidir. Ağacəkmə kampaniyası məhz bu mövsümdə aparılmalıdır. Amma dağlıq, dağətəyi rayonlarda, məsələn, Gədəbəy rayonunu yaşıllaşdırmaq üçün yazqabağı ağac əkilməlidir. Həm də əkiləcək bitkinin şaxtaya davamlılığı, istiyə davamlılığı da nəzərə alınmalıdır”.

Sevil HİLALQIZI


Müəllif: