4 Avqust 2017 19:24
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı ilə Çin-Rusiya İnnovasiya Texnoparkı arasında əməkdaşlıq memorandumu imzalanıb.

AMEA-dan Teleqraf.com-a verilən məlumata görə, sənədə əsasən tərəflər birgə elmi-texniki proqramlar, innovativ layihələr həyata keçirəcək, innovasiya və sənaye infrastrukturunun inkişafı sahəsində informasiya mübadiləsi aparacaqlar.

Həmçinin, innovasiya və texnologiyalar sahəsində birgə laboratoriyaların, elmi-texniki və innovasiya mərkəzlərinin yaradılması, qarşılıqlı səfərlərin təşkili nəzərdə tutulub.

Çin-Rusiya İnnovasiya Texnoparkının rəhbərliyi AMEA Yüksək Texnologiyalar Parkında olublar. Texnoparkın direktoru Vüqar Babayevlə görüş zamanı iki qurum arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Çin-Rusiya İnnovasiya Texnoparkının baş direktoru Çjan Jençjuna ilə görüşən AMEA Yüksək Texnologiyalar Parkının direktoru V.Babayev bildirib ki, milli innovasiya sistemini genişləndirmək üçün uğurlu layihələrin həyata keçirilməsi və bu sahəyə investisiya axınının gücləndirilməsi zəruridir.

O qeyd edib ki, elm, texnologiya və innovasiya vasitəsilə milli iqtisadi inkişafa töhfə vermək məqsədilə beynəlxalq əlaqələrin genişlənməsi innovasiya siyasətinin həyata keçirilməsi üçün infrastrukturun yaradılmasında mühüm rol oynayır.

Çin-Rusiya İnnovasiya Texnoparkının baş direktoru Ç.Jençjuna yeni texnologiyalar sahəsində Çin-Rusiya regionu üzrə ilk hökumətlərarası və dövlətlərarası təşkilat olan texnoparkın post-sovet ölkələri ilə böyük əməkdaşlıq təcrübəsinə malik olduğunu bildirib.

O qeyd edib ki, texnoparkın ərazisində yeni materialların hazırlanması, biofarmasevtik, elektron və mexaniki sistemlərin inteqrasiyası, yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan 350 rezident fəaliyyət göstərir. İnnovasiya fəaliyyətinin həyata keçirilməsi üzrə böyük bazası olan texnopark Çində rezidentlərə birgə uğurlu innovativ inkişaf təklif edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər