Teleqraf.com xəbər verir ki, bu fikirləri tanınmış səyahətçi və jurnalist Azər Qərib sosial şəbəkədə sağlam rəqabət anlayışının olmamasına diqqət çəkərək qeyd edib.
Onun sözlərinə görə, paxıllıq hissi daha güclüdür və əksinə özü bacardığı qədər başqalarının yeni layihələrinə dəstək verməyə çalışır:
“Həmişə də deyirəm, çox böyük əfsuslar olsun ki, bizdə səyahət yazarları azdır. Həm sosial şəbəkələrdə travel-blogger, həm mətbu orqanlarda səyahət haqda yazanlar, həm də televiziyada xarici ölkələri göstərənlər azdır. Çünki nə qədər çox olsa, bir o qədər keyfiyyət artar, rəqabət işləmək üçün stimul yaradar, hər biri özünə uyğun istiqamət seçər. Biri mətbəx, digəri şərab haqda danışar, biri memarlığa nəzər salar, digəri tarixə, biri ekonom səyahət təşkilində köməklik edər, başqası lakşeri seqmentində dayanar və s. Baxırsan, xaricdə onlarla, bəzən hətta yüzlərlə ixtisaslaşmış səyahət yazarları var, bizdə isə çox azdır. Ona görə hətta bir o qədər də tanınmış olmayanları da xarici tərəfdaşlarıma təqdim edirəm, tərifləyirəm, deyirəm, dəvət edin və s. Qoy gedib gəzsinlər, baxsınlar, bizə də danışsınlar”.
Azər Qərib bu günlərdə əməlinin əksi ilə qarşılaşdığını vurğulayıb:
“O gün Moskvadan tanınmış otellərin nümayəndəsi gəlib, bir neçə ildir əməkdaşlığımız var və sorğu-sual edib ki, bəs kimdir Azərbaycanda üzdə olan səyahət yazarları, Azər Qəribdən başqa? Buna nə desələr yaxşıdır? Yenə də görüşəndə üzümə gülən adamlar qayıdıblar ki, əşşi, siz Azər Qəribə baş qoşmayın, o, Azərbaycan dilində yazır, səyahət edənlər isə russkayazıçnılardır, siz gəlin, bizimlə işləyin, bizi dəvət edin, biz rusca yazırıq. Utanın! Həm hər birinizə rus dilindən dərs keçə bilərəm, həm sizdən fərqli olaraq istənilən ölkə və şəhərə dəvətsiz də getmək imkanım var. Bir bu sahədə ayrıseçkilik salmamışdınız, bunu da etdiniz...”