Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hesabat dövründə “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 1,25 milyon sərnişin düşüb ki, bunun da 329 min nəfəri daxili reyslərlə daşınıb.
Sərnişinlərin 85 faizi beynəlxalq reyslərin payına düşüb. Beynəlxalq daşımaların 49,6 faizi AZAL-ın, 50,4 faizi xarici aviadaşıyıcıların hesabına olub.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 53 istiqamət üzrə 29 aviaşirkətə xidmət göstərir. Yeddi aviaşirkət – “IrAero”, “Jazeera Airways”, “ZagrosJet”, “Pegas Fly”, “Kish Air”, “Nordwind Airlines” və “Wataniya Airlines” cari ilin yayından uçuşlara başlayıb.
Bu ilin sentyabr ayından Azərbaycan ilk lou-kosteri “Buta Airways” uçuşlara başlayacaq.
Aeroportun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülüb.
Bu ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatı alıbna layiq görülüb.