9 Avqust 2017 17:05
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:15

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Binəqədi rayon sakini İnna Kuzneçova tərəfindən Biləcəri qəsəbəsində yerləşən “Bulaq” restoranının ərazisində ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub.

ETSN-dən Teleqraf.com-a verilən məlumata görə, şikayət Nazirliyin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı 20-44 sm diametrliyində 67 ədəd Eldar şamının quru köküstə vəziyyətdə olduğu və 2 ağacın isə kəsilmiş kötükləri aşkar edilib. Ağacların quruma səbəblərini müəyyənləşdirmək məqsədilə ağacların dibindən torpaq nümunələri götürülərkən torpaq səviyyəsindən 5 sm dərinlikdə ağacların dib kötüyünün həlqəvi olaraq 5-6 sm enində kəsici alətlə boy artımının dayandırılması dərəcəsinədək ciddi zədələndiyi, kötüklərinin yandırıldığı, həmçinin ağacların dibinə kristallaşdırılmış NaCl duzu tökülərək məqsədli şəkildə məhv edildiyi məlum olub.

Araşdırma zamanı Biləcəri bələdiyyəsinin 15 avqust 2005-ci il tarixli 15 nömrəli icarə müqaviləsi ilə yaşıllıq olan 9503,3 m2 torpaq sahəsinin uzun müddətli vətəndaş Eldar Quliyevə icarəyə verildiyi və eyni zamanda Biləcəri bələdiyyəsi tərəfindən həmin əraziyə nəzarət olunmadığı müəyyən edilib.

Faktla bağlı “Bulaq” restoranının sahibi Eldar Quliyev barəsində akt tərtib olunub və yaşköküstə olmuş 69 ağacı məqsədli şəkildə məhv etdiyinə görə ona 57360 manat məbləğində ziyan tətbiq edilib. Qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində ən ciddi tədbirlərin görülməsi məqsədilə Baş Prokurorluğuna göndərilib.

***

Ağacları məhv edən restoran sahibinə cinayət işi açılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, Binəqədi rayonu, Biləcəri qəsəbə sakininin “Bulaq” restoranı ərazisində ağacların məhv edilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” xidmətinə müraciəti əsasında həmin nazirlikdən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalarla müəyyən edilib ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi 19 saylı ünvanda sahəsi 9503 kvadratmetr olan torpaq sahəsi Biləcəri bələdiyyəsi tərəfindən 15 avqust 2005-ci il tarixli müqaviləyə əsasən park və ictimai iaşə məqsədləri üçün “Bulaq” restoranının sahibi Quliyev Eldar Müseyib oğlunun istifadəsinə verilib.

Həmin ünvandakı yaşıllıq sahəsinə keçirilən baxış zamanı restoranın həyətində 20-44 sm diametrliyində 67 ədəd Eldar şamının köküstə qurumuş vəziyyətdə olduğu və 2 ədəd ağacın isə kəsilmiş kötükləri aşkar olunub. Nəticədə təbiətə 57 min 360 manat məbləğində ziyan vurulması müəyyən edilib.

Ağacların quruma səbəblərini müəyyənləşdirmək məqsədilə ağacların dibindən torpaq nümunələri götürülərkən torpaq səviyyəsindən 5 sm dərinlikdə ağacların dib kötüyünün həlqəvi olaraq 5-6 sm enində kəsici alətlə boy artımının dayandırılması dərəcəsinədək ciddi zədələndiyi, kötüklərinin yandırıldığı, həmçinin ağacların dibinə məqsədli şəkildə kristallaşdırılmış NaCl duzu tökülərək məhv edildiyi müəyyən olunub.

Həmin faktla bağlı Cinayət Məcəlləsinin 259.2.3 (qanunsuz ağac kəsmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə), 259.2.4 (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər