10 Avqust 2017 10:47
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Metropolitenin 1967-ci ildə istismara verilmiş ilk 5 stansiyasından biri olan "Sahil" stansiyasında eskalatorların istismar müddəti başa çatıb və onların yeniləri ilə əvəzlənməsi zərurəti yaranıb.

Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumatda bildirilir ki, "Sahil stansiyasında aparılacaq əsaslı təmir müddətində quraşdırılmış "LT-3" tipli 3 eskalator sökülərək, yerində Almaniyanın "ThyssenKrupp Fahrtreppe" şirkətinin "Viktoriya" tipli 4 eskalatoru quraşdırılacaq. Bununla əlaqədar "Sahil" stansiyası avqustun 20-dən sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq və qatarlar bu stansiyada dayanmadan "İçərişəhər" və əks istiqamətdə hərəkət edəcək. Təmir işlərinin 2018-ci ilin iyun ayının sonlarına qədər yekunlaşdırılması nəzərdə tutulur.

"Əsaslı təmirin aparıldığı müddət ərzində sərnişinlərdən getdikləri ünvanı əvvəlcədən nəzərə alaraq, metronun "Sahil" stansiyasına yaxın olan "İçərişəhər" və "28 May" stansiyalarının xidmətindən istifadə etmələri xahiş olunur", - məlumatda qeyd edilib.

Xatırladaq ki, buna qədər "28 May" stansiyasında aparılmış yenidənqurma tədbirləri çərçivəsində sökülmüş 3 eskalatorun əvəzinə onların yeni tipli 4 analoqu quraşdırılmışdı. "Sahil" stansiyasında quraşdırılacaq eskalator əvvəlki nəsil eskalatorlardan bir çox üstünlükləri ilə fərqlənəcək.

Eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunması da nəzərdə tutulub. Bu işlər çərçivəsində stansiyanın mərmər-qranit örtüyü, istismar müddətini başa vurmaqda olan, köhnəlmiş və müasir dövrün tələblərinə cavab verməyən avadanlıqlar yenilənəcək.

Eskalatorların yenisi ilə əvəzlənəcəyi və əsaslı təmir işlərinin yerinə yetiriləcəyi müddət ərzində, birçıxışlı olduğu üçün, “Sahil” stansiyasının bağlanması zərurəti yaranıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər