10 Avqust 2017 17:58
1 836
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azneft” İstehsalat Birliyinin mütəxəssisləri Sabunçu rayonu ərazisində istifadəsiz quyudan neft çıxdığı iddia olunan əraziyə baxış keçiriblər.

Bu barədə Teleqraf.com-a “Azneft” İstehsalat Birliyindən açıqlama verilib.

Birlikdən bildirilib ki, bəzi kütləvi informasiya vasitələri Sabunçu rayonu ərazisində fəaliyyətsiz fondda olan quyudan neft sıxıntısı ilə bağlı məlumatlar yayıb: “Sözügedən quyunun yerləşdiyi Sabunçu ərazisindəki neft mədənləri 3 iyun 2010-cu il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Podratçı Tərəflər arasında imzalanmış 1 yanvar 2012-ci il tarixdən tam qanuni qüvvəyə minmiş Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı Neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişlə “Azneft” İstehsalat Birliyinin tərkibindən çıxıb.

Saziş qüvvəyə minənə qədər ləğv olunmuş quyuların gələcəkdə təkrar izolə-ləğvetmə işləri “Azneft” İB tərəfindən aparılır. Sözügedən quyu da sazişdən öncə ləğv olunmuş quyulardan biridir”.

“Azneft” İB-dən qeyd edilib ki, iddianı araşdırmaq məqsədilə birliyin müvafiq mütəxəssisləri quyunun yerləşdiyi əraziyə baxış keçiriblər: “İddianın əksinə, quyuda neft sızıntısının baş vermədiyi aşkarlanıb. Əgər hər hansı neft sızıntısı baş versəydi quyuətrafı sahə neftlə çirklənmiş olardı. Ətraf mühitə ekoloji baxımdan hər hansı zərər dəyməyib və quyu sakitdir. Buna baxmayaraq, ətrafdakı məskunlaşma nəzərə alınaraq, quyunun ağzında təkrar izolə işlərinin aparılması razılaşdırılıb. Sözügedən quyu üçün təkrar izolə işləri ən qısa zaman ərzində görüləcək”.

Məlumatda qeyd edilib ki, “Azneft” İB-nin balansında olan, fəaliyyətdə və fəaliyyətsiz quyu fondundakı quyular müvafiq mütəxəssislər tərəfindən dövri olaraq yoxlanılır: “Bu kimi hallara rast gəlinərsə müvafiq izolyasiya və ya təkrar ləğvetmə işləri həyata keçrilir. Bildirmək istəyirik ki, “Azneft” İB-nin balansında çoxsaylı ləğv edilmiş quyular mövcuddur.

Yuxarıda qeyd edilən məsələ ilə əlaqədar olaraq, hər il ləğv etmə və ya təkrar ləğv etmə işlərinin icra vəziyyəti diqqətdə saxlanılır”.

Qeyd edək ki, Sabunçu rayonunun eyniadlı qəsəbəsindəki bir məhəllədə uzun müddət istifadəsiz qalan quyudan anidən neft çıxmağa başladığı və sakinlərin narahatlığına səbəb olduğu bildirilib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər