10 Avqust 2017 18:45
3 395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda qız uşaqlarına münasibət zaman-zaman müzakirə mövzusu olub. Azərbaycan qadınının kişilərlə eyni hüquqa malik olması, təhsil alması, bir sözlə cəmiyyətə qaynayıb-qarışması heç də asan proses olmayıb.

Orta əsrlərdə Azərbaycan hökmdarlarından Qızıl Arslanın arvadı Qətibə xanım, Özbək xanın arvadı Mehrican xanım, Uzun Həsənin anası Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu Sultan, Şirvanşah Xəlilullanın arvadı Pəri xanım, Şah Abbasın anası Xeyransa bəyim, Tuti Bikə kimi görkəmli qadın siyasi və dövlət xadimlərimiz olub. Adlarını sadaladığımız qadınlar istisna təşkil edib. Onlarda olan imtiyazlar kütlənin linç etdiyi, hüquqlarını əllərindən aldığı zərif cinsin nümayəndələrində olmayıb. Qadınlarımızın təhsil alması, səmiyyətin ayrılmaz hissəçinə çevrilməsi, kişilərlə eyni cərgədə dayanması tələbi 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə təsadüf edir.

Azərbaycan tarixində qadına münasibət

Məsələn, 19-cu əsrin sonlarında Bakıda ilk Qızlar Seminariyası açılmasaydı, Azərbaycan cəmiyyəti bu gün Şərqin ən despotik, qadın hüquqlarının kobud şəkildə pozulduğu ölkələrdən biri olacaqdı. Yeri gəlmişkən, Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin açılması üçün apardığı mübarizə, qoçularla, fanatic ruhanilərlə fikir davasına çıxması diqqət çəkir. Tağıyevin qızların ictimai dəyərinin təşviqi sahəsində gördüyü işlərə qısa ekskursiya edək.

Tağıyev Bakıda müsəlman qız məktəbini açmaq üçün əvvəlcə imperator III Aleksandrdan icazə istəyib. Ancaq imperator müsəlman əyalına mənfi cavab verir. Azərbaycan qızlarını təhsilli görmək istəyən Tağıyev II Nikolay taxta çıxanda icazə üçün yenə cəhd göstərir.

1895-ci ildə Nikolayın tacqoyma mərasimi münasibətilə onun xanımı Aleksandra Fyodorovnaya son dərəcə bahalı bir hədiyyə bağışlayır və Bakıda Aleksandra Fyodorovnanın adına qız məktəbi açmaq üçün razılıq istəyir. 1896-cı ildə şifahi, iki il sonra isə rəsmi icazə alan xeyriyyəçinin təşəbbüsü Bakıda top-tüfənglə qarşılanır. “Qız hara, təhsil hara”, “Qadının yeri ərinin dizinin dibidir” deyən qoçu və dindarlara Tağıyev çox mədəni və onların ağlına batacaq, qəbul edəcəyi tərzdə cavab verir.

O, ictimaiyyət qarşısındakı çıxışında deyir: "Camaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir; gözləri açılar, külfətdə rəftarları xoş olar. İngilistana, Germaniyaya, Firəngistana gedib oxuyan cavanlarımızın hərəsi oralardan qollarına bir arvad keçirib gətirir, çünki qızlarımıznan məcazları tutmur, dolana bilmirlər. Əcnəbi arvadlardan da doğulan uşaqlar özü-özünə olurlar mürtəd və bütün varidatımıza vərəsə çıxırlar. İş belə getsə, ata-baba ocaqları qalacaq Quransız, namazsız, şəriətsiz”.

Tağıyev həmən Bakı quberniya qazisi Mir Məhəmməd Kərimə və Mirzə Abutürab Axunda qadınların təhsil almalarını vacib buyuran Quran ayələri oxutdurur. Amma bu da qaragüruhları sakitləşdirə bilmir. Belə olanda Hacı Zeynalabdin çıxışını davam etdirir: “Təzə məktəbdə qızlara ehkami-şəriyyə, paltar tikmək, toxuculuq, mətbəx işləri, müsəlman və rus dilində oxuyub-yazmaq, elmi-hesab, tifillərə tərbiyə vermək öyrədiləcək. Burda pis şey var?! Molla Əli Hacı Xəlil oğlu! Qulaq as! Mən, qızları ismətsiz etmək istəmirəm, naməhrəmlə üzü açıq olmağa çağırmıram. Srağa gecə, iyirmi yaşlı ortancıl qızın sancılanmışdı, az qalmışdı ölsün. Lopabığ Ambarsum həkimi gətizdirdin qızı yoxladı, dava-dərman elədi, qızı ölümdən qurtardı. İndi də görüm, lopabığ Ambarsumun əvəzinə müsəlman arvad həkimi olsaydı, şəriətə hansı daha düzgün gələrdi? Arvad həkimlərinə, müəllimlərinə ehtiyacımız çoxdur”.

Tağıyevin bu çıxışı onu dinləyənlərin ağlına batır və kənar təzyiq və təqiblərə baxmayaraq Bakının məşhur dindarları qız övladlarını məktəbə qoyurlar Beləcə, o dövrün qadınlarla bağlı ən böyük stereotipi darmadağın edilir. Qızlar Seminariyası qadınlarımızın yolunda yaşıl işıq oldu. 1908-ci ildə Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikovanın təşəbbüsü ilə Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyəti yaradıldı. 1918-ci ildə Azərbaycan Cümhuriyyəti yaradılarkən qadınlara kişilərlə bərabər hüquqlar verildi ki, həmin dövrdə dünyanın aparıcı ölkələrində belə qadınların həmin hüquqları yox idi. Sovet dövründə Azərbaycan qadınlarına geniş hüquqlar verildi. Onların təhsil almalarına xüsusi fikir verildi. Artıq dövlət qurumlarında, mədəni, sosial sektorda, idman sahəsində və digər bölmələrdə qadınların sayı artırdı. İkinci dəfə müstəqillik əldə etmək üçün Azərbaycanda aparılan milli mübarizənin önündə kişilərlə bərabər qadınlar da gedirdi. Bu gün də dövlət idarəçiliyində, ictimai sektorda və s. sahələrdə yüksək vəzifə sahibi olan kifayət qədər qadınlarımız var.
Amma bütün bunlar cəmiyyətdə qadınlara qarşı olan stereotiplərin tam aradan qaldırılmasına kifayət etməyib. Buna bariz missal kimi qız uşaqlarına qoyulan adlar sırasında rast gəlinən “Kifayət”, “Yetər”, “Qızbəs”, “Tamam”, “Bəsti” adlarını göstərmək olar.

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə tədqiqatına görə, Cənub-Şərqi Asiya ölkələrində yaşanan qadın sayının çatışmazlığı problemi bu gün Azərbaycanda da yaşanır. 2015-ci ilin statistik məlumatlarına əsasən Azərbaycanda doğulan hər 100 oğlana 116 qız düşür. Sadə dillə desək oğlanlar qızlardan 16 faiz çoxdur. Cins nisbətinin pozulma dinamikası 1998-ci ildən sonra daha da artıb. Say nisbətinin pozulması əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi stereotiplərlə bağlıdır. Bir çox ailələrdə “Oğlan ağır işlərin öhdəsindən gələ bilir”, “Oğlan ailənin, vətənin qoruyucusudur”, “Oğlan nəslin davamçısıdır”, qızlar isə əksinə, köçəri quş, gücsüz övlad kimi təsəvvür edilir. Bu hakim düşüncənin yanlış olduğunu sübut etmək üçün çoxlu sayda misallar, nümunələr gətirmək olar.

Ailələrinin başını uca edən qızlar

Azərbaycanda uğurlu karyera qurmuş, valideynlərinin başını uca edən qızlar kifayət qədərdir. Bu yazıda sizi qızları ilə fəxr edən bir ailə ilə tanış edəcəyik. O ailə ki, Azərbaycan cəmiyyəti üçün bir örnək olmalıdır. Söhbət Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin ailəsindən gedir. E.Musayevin iki qızı və bir oğlu var. Onun qızları Günel və Xeyrənsə Musayeva bacıları Türkiyədə tarixi uğura imza atıblar. İstanbulun ingiliscə təhsil verən ən çox xarici tələbəyə sahib Bahçeşehir Universitetindən böyük nailiyyət əldə edərək məzun olan bacılardan Günel Musayeva universitet birincisi, Xeyrənsə Musayeva isə, universitet üçüncüsü olaraq təhsillərini yekunlaşdırıblar.

Birinci olan Günel Musayeva Bahçeşehir Univeristeti 2017-ci il dönemi "Altın Beyin"i fəxri adı ilə təltif edilib və ona “Altın Beyin” ödülü verilib. Tələbələr adına çıxış edən Günel xanım bu qələbəsini ailəsinə və Azərbaycan-Türkiyə qardaşlığına həsr etdiyini bildirib. Çıxışını Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə və Atatürkü anaraq yekunlaşdırıb.

Elşad Musayev qızlarının uğurlarının təsadüf olmadığını bildirib: “Mən bir ata kimi qızlarımla fəxr edirəm. Digər Şərq ölkələrindən fərqli olaraq Azərbaycanda qızların təhsilinə xüsusi önəm verilir. Düzdür, bəzi bölgələrimizdə qız uşaqları dünyaya gələndə ağız büzənlər, narazılıq edənlər olur. Amma bunun heç bir əsası yoxdur. Övlad Allahın verdiyi böyük paydır. Onun hansı cinsdə olması valideyni narahat etməməlidir. Valideyn kimi bizim üzərimizə düşən vəzifə övladlarımızı sağlam, savadlı, vətənpərvər, dövlətini sevən, müstəqilliyin, azadlığın dəyərini bilən bir insan kimi formalaşdırmaqdır. Biz böyük hədəflər uğurunda mübarizə aparmalıyıq. Övladlarımız təkcə özlərinin, bir ailənin deyil, dövlətinin, millətinin başını uca, üzünü ağ eləməlidir”.

Elşad Musayev uşaq yaşlarından qızlarının təhsilinə xüsusi fikir verdiyini deyir: “Mən cəmiyyətdə bəzən qız uşaqlarına qarşı xoşagəlməz münasibəti görəndə narahat oluram. Övladları arasında ayrıseçkilik salanlar məsuliyyətsiz valideynlərdir. Savadı, dünya görüşü, əxlaqı, dövlətçilik təfəkkürü, vətənpərvərlik hissi olan valideyn üçün bütün övladları dəyərlidir. Təhsilsiz, mədəniyyətsiz böyüdəcəksənsə gələcəkdə həm oğlan, həm də qız övladları valideyn üçün problemə çevriləcək, ailəyə yük olacaq. Təhsilli, mədəniyyətli övlad isə ailənin yükünü daşıyacaq, valideynlərinin həyatını xoş edəcək”.

Qeyd edək ki, BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulmasına zəmin yaradan mexanizmlərin keyfiyyət və kəmiyyət əsaslı birgə tədqiqatına görə Azərbaycanda qadın və kişilərin təhsil almaq imkanları bərabərdir. 24 qadın və 24 kişi arasında aparılan sorğuların nəticələrinə görə, qadınlardan 11 nəfər ali təhsilli, 7 nəfər natamam ali təhsilli, 6 nəfər isə ümumi orta təhsillidir. Kişilərdən isə 12 nəfər ali təhsilli, ikisi natamam ali təhsilli, 10 nəfəri isə ümumi orta təhsillidir. Göründüyü kimi, Azərbaycanda qadınlar arasında təhsilə maraq daha böyükdür.
İslam və qadın

Yazının girişində qeyd etdiyimiz kimi, bu gün Azərbaycan qadınlarının təhsilli olması, ictimai həyatda fəallıq göstərməsi asan başa gəlməyib. Zeynəlabdin Tağıyev kimi uzaqgörən ziyalıların qızların təhsil almasına dair ideyaları qoçular və dindarlar tərəfindən mənfi qarşılanıb. Sual olunur, İslam qadınların cəmiyyətdəki roluna, təhsil almasına necə baxır?

Bu sualla müraciət etdiyimiz ilahiyyatçı Elşad Miri qeyd etdi ki, Allah insanları kişi və ya qadın deyə bir-birindən üstün yaratmayıb: “Qurani-Kərimdə qeyd olunur ki, Allah insanların cinsə görə deyil, əmələ görə dəyərləndirir, bir-birindən fərqləndirir. Dörd qız atası olan Həzrəti Muhəmməd İslamdan əvvəlki cinsi ayrı-seçkiliyi öz timsalında aradan qaldırdı. Onun nəsli davamçısı qızı xanım Fatimə oldu. Peyğəmbər "Allahdan qorxun, uşaqlarınız arasında ədalətli davranın", - buyurub. Bu gün bəzi ailələrdə qız övladlarına olan münasibət heç də İslamdan qaynaqlanmır. İslamdan, dindən uzaq, təhsilsiz ailələr var ki, orada qız övladlarına qarşı biganə münasibət var. Əksinə dindar ailələr var ki, qız övladlarına xüsusi dəyər verirlər. İslam yaranandan sonra Şərqdə qızlara olan münasibət dəyişdi, qız övladlarının diri-diri basdırılmasının qarşısı alındı. Mən özü qız atası olaraq övladımın təhsililər, sağlamlığı ilə ciddi maraqlanıram. Hətta qızımı üzgüçülüyə qoydurmuşam. İslamı dərindən bilən bir şəxs kimi mən bunu edirəmsə, deməli dinimizdə qızlara qarşı heç bir ayrı-seçkilik yoxdur”.

Sonda onu da qeyd edək ki, cəmiyyətdə qız uşaqlarının dəyərinin artırılması üçün həm dövlət, həm də qeyri-dövlət səviyyəsində ciddi işlər görülməlidir. Ayrı-seçkiliyin aradan qaldırlması üçün əsasən təhsilə ciddi diqqət yetirilməlidir. Təhsilli gənc gələcəkdə iş tapmaqda çətinlik çəkməyəcək. Deməli, heç kəsə yük olmayacaq, başqasının ümidinə qalmayacaq. Hətta oğlan övladlarının savadlı, sağlam olması üçün təhsilli qadına, müdrik Anaya ehtiyac var.

Ruslan Xəlil

Yazı Niderland Krallığı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən və BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyi (UNFPA Azerbaijan) tərəfindən içra olunan “Uşağın cinsinə görə edilən selektiv abortların qarşısının alınması” adlı pilot layihəsi çərçivəsində müsabiqəyə təqdim olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər