Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Nizami Cəfərov deyib.
N.Cəfərov bildirib ki, indiyədək Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov istər qarşılıqlı səfərlər zamanı, istərsə də beynəlxalq səviyyəli tədbirlərdə çoxsaylı görüşlər keçiriblər. Belə görüşlərdə bir-birlərinə xoş münasibət bəsləyən dövlət başçıları Azərbaycanla Türkmənistan arasında əməkdaşlığın dərinləşməsindən məmnunluq ifadə edərək perspektivdə əlaqələrin daha da dərinləşdirilməsinin zəruriliyini vurğulayıblar.
“İki ölkə arasında əməkdaşlığın dərinləşməsi baxımından Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun bu günlərdə Azərbaycana baş tutan səfəri də böyük aktuallıq daşıyır. Səfər çərçivəsində keçirilən çoxsaylı görüşlərdə həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov öz ölkələrinin müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində, yeni çalarlarla zənginləşdirilməsində maraqlı olduğunu xüsusi olaraq diqqətə çatdırıblar. Həqiqətən də, Azərbaycanla Türkmənistanı yalnız Xəzər dənizi, eyni coğrafiya birləşdirmir. Hər iki ölkəni ortaq məxrəcə gətirən siyasi, iqtisadi, mədəni-humanitar maraqların dairəsi kifayət qədər genişdir. Həm Azərbaycan, həm də Türkmənistan Xəzərin dostluq, əməkdaşlıq hövzəsinə çevrilməsində, zəngin karbohidrogen ehtiyatlarının işlənməsinin ölkələrin və bütövlükdə regionun rifahına xidmət etməsində maraqlıdırlar. Əsas məqamlardan biri isə odur ki, Azərbaycanla Türkmənistanı çoxəsrlik ortaq dəyərlər, o cümlədən dərin tarixi köklər, mənəvi və mədəni dəyərlər birləşdirir. Azərbaycan ilə Türkmənistan arasındakı ənənəvi dostluq və qardaşlıq münasibətləri məhz belə möhkəm təməllərə əsaslanır”, – deyə N.Cəfərov vurğulayıb.
Qeyd edək ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov avqustun 8-9-da Azərbaycanda rəsmi səfərdə olub.