Teleqraf.com xəbər verir ki, bu sözləri sosial şəbəkədə bəstəkar-ifaçı Murad Arif yazıb. O, ərəb turistlərin Azərbaycanda olmasından narahat olan insanları qınayaraq qeyd edib:
“Küçəyə "xax tfu" edib tüpürən biz deyildik indiyə qədər? Ömür-billah maşınlardan butulka tullayan biz deyilik? Yoxsa, küçədə “xalxın anasına-bajısına” söz atan biz deyilik? Hə? İlmi-zalım ictimai yerlərdə, restoran və kafelərdə tualetlərimiz çiçək qoxuyub yoxsa? "Ay eşşək suyu burax!", "Bura zibil atanın..." yazanda ərəb üçün yazırdıq daim? 1 il deyil ki, ölkədə turist axını nəzərə çarpır.
Bu ay artıq 4 və ya 5-ci dəfədir ki, bölgələrimizdə otellərdə oluram! Turistlər hər yerdədir! Çox şükür!
Sektor inkişaf edir. Yerli əhaliyə, işçi qüvvəsinə ehtiyac yaranır. Camaat iş tapır, ailə dolandırır. Utanmaz adamlar var ki, maşını 10 dəfə artıq qiymətə icarəyə verir, sonra da salonun şəklini qoyur ki, ərəblər çips dağıdıb. Təmizlə, yenə “oborota” ver, qazan da! Oteli bulayır? Od qiymətinə verirsən, xadimənin də, bütün xidmətin də pulunu artıqlamasıyla çıxarırsan? Nədir problem? Nə qədər deyinmək olar? “Ver yeyim, ört yatım”la olmur axı!
Ərəblər mədəni deyilmiş... Yox, siz mədənisiniz... Üzeyir Hacıbəyovu ola-ola, üç badam bir qoz mahnılardan “kayf” tutursunuz... Operaya, teatra gedir, kitab üzü açırsınız... Efirləriniz də elmi-kütləvi verilişlərlə dolu... Sanballı komediyalar çəkirsiniz... Siz mədənisiniz!
Ay mükəmməl, ideal, süddən çıxmış ağ qaşıqlar… Evinizə qonaq gəlmir e... Bazarınızı ayaqda saxlayır, pul yatırırlar! Xidmət göstərin, işləyin, qazanın və susun.
Bu barədə bir dəfə yazmışdım, yenə yazıram: Küçədə kimsə pozğunluq edirsə, kiminsə, nəyinsə, mənəvi dəyərləri alçaldılırsa, əmlakınıza ziyan vurulursa, bunu kontrol edəcək qurumlar, qaydalar, cərimələr var! Hüququnuz tapdalanır, şikayət edin.
Yoxsa, boş-boş deyinmək nəyə lazım?
Mənim əziz soydaşlarım, turizm olan bölgələrə hər tip adam gələr. Kimisə mədəniyyətə dəvət etmədən öncə, özünüzü "əhlilləşdirin"... Əslində, çox şey, yaranmış şəraitdən qaynaqlanır. Bir də ki, işləmək lazimdir!.. Bizsə bunu sevmirik…”