18 Avqust 2017 14:09
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

2 və 9 saylı cəzaçəkmə müəssisələrində məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi və dini etiqad azadlığının təmin olunması məqsədilə seminar-treninq keçirilib.

Teleqraf.com-un məlumatına görə, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanmış Tədbirlər Planı çərçivəsində keçirilən seminarda Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin məsul əməkdaşı Mübariz Vəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov və Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli iştirak ediblər.

Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin məsul əməkdaşı Mübariz Vəliyev məhkumlara dini etiqadlarını həyata keçirmək üçün müəssisələrdə yaradılmış şərait barədə məlumat verib.

Tədbirlərdə məruzə ilə çıxış edən Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov Azərbaycan prezidenti tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsini iştirakçıların diqqətinə çatdırıb. İslam aləmində baş verənlərin fonunda bu addımın nə dərəcədə mühüm rol oynadığına, onun əhəmiyyətinə toxunan şöbə müdiri Azərbaycan təcrübəsinin dünyada öyrənilməsi prosesinin başlandığını söyləyib.

Tədbirlərdə iştirak edən ilahiyyatçı Hacı Şahin Həsənli dini radikalizmin cəmiyyətin bütün təbəqələrini narahat etdiyini vurğulayıb. İlahiyyatçı bildirib ki, “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan təcrübəsinin örnək götürülməsi və öyrənilməsi ilə bağlı təşəbbüslər sevindiricidir. O bildirib ki, radikalizm Allahın bizə göndərdiyi Qurana və Peyğəmbərin həyat yoluna ziddir: “Dinimiz təcavüz dini deyil, onu dini ixtilaflar vasitəsinə çevirmək ən böyük xəyanətdir”.

Qonaqlar cəzaçəkmə müəssisəsində məhkumların dini ibadətləri üçün yaradılmış şəraitlə də tanış olublar. Sonda camaat namazı qılınıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər