21 Avqust 2017 15:35
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi istirahət günləri baş verən yol qəzalarının statistikasını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, respublikanın avtomobil yollarında 13 yol-nəqliyyat hadisəsi baş verib, 11 nəfər ölüb, 17 nəfər xəsarət alıb.

Hadisələrdən biri avqustun 19-da saat 15 radələrində Lerik rayonunun Piran kəndində baş verib. Lənkəran rayon sakini Rahim Fərzullayev idarə etdiyi “Toyota-Prado” markalı avtomobili dərəyə aşırıb. Sürücü hadisə yerində ölüb, sərnişinlərdən - əcnəbi vətəndaş olan Yelena Anatoliyeva isə xəstəxanaya aparılarkən yolda ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Oxşar hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində də qeydə alınıb. Həmin gün saat 9 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Salyan rayon sakini Ramil Mustafayevin idarə etdiyi “KamAZ” və Gəncə şəhər sakini Ramin Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Ramin Abbasovun sərnişini – Göygöl rayon sakini Nəriman Əliyev hadisə yerində ölüb, sürücü özü xəstəxanaya yerləşdirilib.

Həmin gün daha bir yol qəzası Ağdaş rayonunun Bulaqotağı kəndində qeydə alınıb. Rayon sakini Tərlan Paşayev idarə etdiyi “Niva” markalı avtomobili su kanalına aşırıb. Sürücü hadisə yerində ölüb.

Qəbələ rayonunda bir ailənin 4 üzvünün ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Bakı şəhər sakini Vasif Əsədov “Toyota Prado” markalı avtomobillə hərəkətdə olarkən qəflətən onun qarşısına “VAZ 21010” markalı maşın çıxıb. Vasif Əsədov həmin avtomobillə toqquşmamaq üçün manevr etmək istəyərkən avtomobili su arxına aşırıb.

“VAZ 21010” markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Vasif Əsədov, onun övladları - 2005-ci il təvəllüdlü İlkin, 2007-ci il təvəllüdlü Nadir və 2013-cü il təvəllüdlü Nuray müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar təcili yardım avtomobili ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Bakı-Qazax yolunun Hacıqabul rayonunun Qarasu kəndindən keçən hissəsində yol qəzası baş verib. “Toyota Land Cruiser” markalı avtomobil təkərin partlaması nəticəsində yoldan çıxaraq aşıb.

Nəticədə 1988-ci il təvəllüdlü sürücü Orxan Həsənov, avtomobildə olan sərnişinlər - Xırdalan şəhər sakini, 1966-cı il təvəllüdlü Sima Həsənova və Nahidə Həsənova xəsarət alıb. Onların bir ailənin üzvü olduğu bildirilir.

Oğuz rayonunun Kərimli kəndində kənd sakini Cəmil Abdullayevin idarə etdiyi “Volksvagen” və Şəki rayon sakini Vəliyəddin Hümmətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Vıliyəddin Hümmətovun sərnişinlərindən Qəbələ rayon sakini Müzəffər Fətəliyev hadisə yerində, özü və digər sərnişini, həmyerlisi Şükür Ağamirzəyev xəstəxanada ölüblər.

Avqustun 20-də saat 11 radələrində Bərdə rayonunun Yenidaşkənd kəndində rayon sakinləri Nəriman Nərimanlının və Malik Əliyevin idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub, Malik Əliyev idarəetməni itirdiyindən yolun kənarında dayanan Ağcabədi rayon sakinləri Ağapəri Məmmədovanı, Sərvət Məmmədovu və Aygül Səmədovanı vurub.

Ağapəri Məmmədova hadisə yerində ölüb, Sərvət Məmmədov və Aygül Səmədova xəstəxanaya yerləşdiriliblər.

Avqustun 20-də saat 21 radələrində İsmayıllı rayonunun Diyallı kəndində rayon sakini Aydən Məmmədli idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Xalid Mustafayevi vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Bütün faktlarla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər