Qardaş Türkiyənin mətbuatında dərc olunmuş tarixçinin fikirləri ilə razı olmaq olmaz. Çünki “azəri” ifadəsini xalqın razılığı olmadan, vassalı olduğumuz imperiyanın rəhbəri qəbul edib. Düzdür, tarixdə azəri deyilən tayfa yaşayıb, amma onlar fars mənşəli olublar və zaman-zaman Azərbaycan ərazisində məskunlaşılar. Lakin onlar bu ərazidə hakim mövqeyə sahib olmayıblar.
Bu sözləri Teleqraf.com-a açıqlamasında tarixçi, 10-cu sinif “Azərbaycan tarixi” dərsliyinin müəllifi Kamran Əsədov Türkiyənin məşhur tarixçisi, professor İlber Ortaylının müzakirələrə səbəb olan “Azəri adında millət yoxdur, bu, başıxarab Stalinin uydurmasıdır” fikirlərinə münasibət bildirərkən deyib.
Kamran Əsədovun sözlərinə görə, Stalin imperialist olaraq 1936-cı ilin Konstitusiyasında xalqları parçalamaq üçün dəyişiklikləri nəzərdə tutan qanun layihəsini qəbul edib və 1937-ci ildə Azərbaycan SSR-in Konstitusiyası qəbul edilməklə bu məsələ xalqın razılığı olmadan həll edilib:
“Təəssüflər olsun ki, uzun müddətdir bizim etnik kimliyimiz barədə müəyyən şəxlər elmi tədqiqat obyekti olmayan müzakirələr aparırlar. Azərbaycan ərazisi tarixən ticarət yollarının qovşağında yerləşib və zaman-zaman yerləşdiyi coğrafi mövqeyi onun dağıdıcı xarici hücuma məruz qalması ilə nəticələnib. Bu əraziləri işğal altında saxlayan qüvvələr də zaman kəsiyində burda özlərinə etnik dayaq yaratmaq məqsədilə köçürülmə siyasəti həyata keçiriblər. Köçürülmüş əhali ya yerli əhaliyə qaynayıb-qarışıb, ya da ayrıca bir etnos kimi özünü qoruyub saxlaya bilib. XX əsrin əvvəllərinə qədər bizi elmi ədəbiyatda və siyasi sənədlərdə “tatar” adlandırıblar. Hətta dahi şəxsiyyət Mirzə Kazım bəy ”Türk-tatar dilinin qrammatikası” kitabı ilə bu məsələyə aydınlıq gətirib. Dahi türk dünyasının böyük alimi Mahmud Kaşğarinin “Divani lüğəti-it-türk” əsərində işlənilən sözlər bizim işlətdiyimiz sözlərdirsə, deməli, kökümüz türkdür. Bizim “azəri”, “azəri türkü” adlandırılmağımız müzakirə predmeti olsa da, ümummilli lider Heydər Əliyev “mən fəxr edirəm ki, azərbaycanlıyam” deməklə bu məsələni kökündən həll etdi”.
Tarixçinin fikrincə, XXI əsrdə, dünyanın kosmosa getdiyi, elmi texniki inkşaf etdiyi dövrdə belə müzakirələr inkişafa doğru aparmır: “Amerika və ya Avstraliya əhalisinin böyük əksəriyyəti kənardan gəlmədir. Onlarda heç kim müzakirə etmir ki, sən aborigensən və ya gəlməsən, yaxud sən o irqə mənsubsan, etnik mənsubiyyətin fərqlidir. Hesab edirəm ki, ümumi mənafe baxımından, bütov, güclü Azərbaycan naminə birləşmək lazımdır. İmkan vermək lazımdır deyil ki, xarici qüvvələr insanlarımızı etnik mənsubiyyətlərinə görə parçalasın, öz məqsədləri üçün daxildə pərakəndəlik yaratsınlar. Bir Azərbaycan var və hamımız bu ölkənin bərabərhüquqlu vətəndaşıyıq”.
Qeyd edək ki, İlber Ortaylı Lüleburqazda keçirilən tədbirdə Bolqarıstandan köçən gənc bir iştirakçının kökləri barədə danışanda qeyd edib: “Azərbaycan başqa, azəri başqa. Türklər arasında azəri deyə bir millət yoxdur. Kommunist şairlər də şerlərində “türk qızları” yazıblar. Bunu xiyar Stalin özündən çıxarıb. Stalin cahil gürcüdür, milliyətdən başı çıxmayıb. Çox savadsız, cahil biri olub”.