"Gürcüstan hökumətinin müraciətinə əsasən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Gürcüstanın Borjomi-Xaraqul qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə avqustun 22-də Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğınsöndürmə texnika və avadanlıqları ilə təchiz olunmuş xüsusi xilasetmə dəstəsi Gürcüstana yola düşüb".
Bu barədə Teleqraf.com-a FHN-dən məlumat verilib.
Məlumatda bildirilir ki, Borjomi-Xaraqul qoruğunda meşə yanğınlarının söndürülməsində iştirak edəcək xilasetmə dəstəsinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 10 yanğınsöndürmə avtomobili və 79 nəfərlik şəxsi heyəti (fərdi yanğınsöndürmə vasitələri ilə təchiz edilmiş), Mülki Müdafiə Qoşunlarının 4 texnikası və 10 nəfərlik şəxsi heyəti cəlb olunub: "Həmçinin, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin yanğının baş verdiyi mürəkkəb relyefli ərazilərdə daha operativ xilasetmə və yanğınsöndürmə əməliyyatları aparılması məqsədilə xüsusi hazırlıq keçmiş 26 xilasedicisi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 2 helikopteri ilə hadisə yerinə desant çıxarılması üçün ezam edilib. Meşə yanğınının söndürülməsi məqsədilə qonşu ölkəyə ezam edilən nazirliyin xilasetmə dəstəsinin operativ və səmərəli fəaliyyətinin, gündəlik həyat təminatının və istirahətinin təmin edilməsi üçün ərazidə FHN-in MMQ-nin səhra şəraiti üçün nəzərdə tutulmuş çadırlarının qurulması və səyyar mətbəxin açılması nəzərdə tutulub. Bununla bağlı bütün təminat Azərbaycan FHN tərəfindən həyata keçiriləcək".
Məlumatda qeyd olunur ki, ümumilikdə təbii fəlakət zonasına Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin 15 texnikası, o cümlədən 1 helikopteri və 126 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilib. FHN-nin xüsusi hazırlıq keçmiş 26 xilasedicisi Dövlət Sərhəd Xidmətinin 2 helikopteri ilə Gürcüstana çatıb. Qeyd edilən digər texnikalar və canlı qüvvə yaxın saatlarda Azərbaycan-Gürcüstan dövlət sərhədini keçəcək.
Bir daha xatırladaq ki, avqustun 22-dən FHN-in Aviasiya dəstəsinin xüsusi avadanlıqla təchiz olunmuş 1 helikopteri 11 nəfər şəxsi heyəti ilə yanğınsöndürmə əməliyyatına qoşulub.