25 Avqust 2017 11:14
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən o cür fikir səsləndirməmişəm.

Teleqraf.com xəbər verir ki, bu sözləri deputat Astan Şahverdiyev “Müsavat.com”a geniş müsahibəsində “Qarabağ” komandası ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Astan Şahverdiyev fikirlərinin təhrif olunduğunu bildirib:

“Mən o cür fikir səsləndirməmişəm. Bu haqda məndən açıqlama alan müxbirlə də danışdım. O bildirdi ki, yazını “Qarabağ”ın qələbəsi məni maraqlandırmır” başlığı ilə verməyib. Yalnız digər mətbuat orqanları açıqlamamı bu cür başlıqla dərc edib. Mən qeyd etmişdim ki, “Qarabağı”ın qələbəsi təkcə idmanımızın deyil, həm də siyasi qələbəmizdir, beləliklə, ermənilərin burnu bir daha “ovuldu”. Yəni bu cür demişəm. Bəs məni niyə belə bəzəyirlər? Nə məqsədləri var?! Müxbirlə söhbət etdikdən sonra mənə bildirdi ki, bu haqda təkzib verəcək. Daha bilmirəm onu dərc edəcəklər, ya yox, bu, onların öz vicdanlarına qalıb, artıq heç nə deyə bilmərəm. Məni məcbur edirlər ki, “Qarabağ”ın qələbəsi məni maraqlandırmır” başlığını qoyan mətbuat orqanları haqda Baş Prokurorluğa müraciət edim. Axı nə qədər insana böhtan atarlar?! Belə olmaz axı!”

Millət vəkili “Qarabağ” komandasının çox qızğın azarkeşi olduğunu bildirib:

“Qarabağ” mənim gözümdür, ürəyimdir. İndi təsəvvür edin ki, elmlər doktoru, professor, Avropada tanınmış alim bu qədər qanmazdır ki, desin, Qarabağ məni maraqlandırmır? Bu, mümkünsüzdür. Mən heç elə söz deyə bilərəm? Mən yəni bu qədər qudurmuşam ki, belə söz deyim?! Görün insanlar nə günə qalıb ki, açıqlamamın içindəki sözü götürüb başqa cür yozurlar”.

Qeyd edək ki, millət vəkili bundan qabaqkı açıqlamasında bu fikirləri səsləndirmişdi: “Çox sevindirici bir haldır ki, “Qarabağ” futbol klubu Çempionlar Liqasının qrup mərhələsinə düşüb. Bu, bütöv Azərbaycanın qələbəsidir. Lakin bir futbol klubu kimi ”Qarabağ” məni maraqlandırmır. O zaman çox sevinərik ki, torpaq kimi qaytarılar. Bu, artıq bayram olar”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər