Bu gün azərbaycanlı hərbçi Ramil Səfərovun doğum günüdür.
Teleqraf.com xəbər verir ki, o, bu gün 40 yaşını qeyd edir.
25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda dünyaya gələn Ramil Səfərov 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında təhsilini davam etdirmək üçün Türkiyənin İzmir şəhərinə göndərilib. Maltəpə hərbi litseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib.
2002-ci ilin mart ayında Müdafiə Nazirliyinin sərəncamı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında Müdafiə Nazirliyinin sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.
Vətənə dönməyə 20 gün qalmış - fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə qətlə yetirib. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub.
Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2012-ci il tarixli sərəncamı ilə cəza çəkməkdən azad edilərək əfv edilib.
Ramilin 2 övladı var.