Hər bir dövrün yetirdiyi tarixi simalar var. Belə simalardan biri də, mübaliğəsiz, tarix və xalq qarşısında məsuliyyətin zirvə örnəyi, amalı insanlığa xidmət olan görkəmli ictimai-siyasi xadim Mehriban xanım Əliyevadır.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova deyib.
Vitse-spiker qeyd edib ki, Mehriban Əliyeva ilk növbədə həyatını Azərbaycanın tərəqqisinə və firavanlığına həsr edən güclü şəxsiyyətdir: “Mehriban xanım öz əməlləri ilə insanların ağıl, düşüncə, qəlb və göz yaddaşında heç vaxt silinməyəcək genişmiqyaslı, çoxşaxəli bənzərsiz bir fəaliyyətin müəllifidir. Məhz onun sayəsində Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda mərhəmət və xeyirxahlıq rəmzi kimi tanınıb”.
Milli Məclis sədrinin müavini daha sonra qeyd edib ki, millət vəkili olduğu dövrdə yaddaqalan mütərəqqi təşəbbüsləri və təklifləri ilə seçilən, Azərbaycanın ev sahibliyi etdiyi ilk Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, Avroviziya mahnı müsabiqəsinin keçirilməsində yüksək liderlik qabiliyyəti və təşkilatçılıq bacarığı nümayiş etdirən Mehriban Əliyeva fəaliyyət göstərdiyi bütün sahələrdə mütləq mənada uğur əldə etdiyini bir daha sübut edib.
“Ölkəmizin beynəlxalq imicinin formalaşmasında və Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna xidmətlər göstərən, YUNESKO-nun və İSESKO-nun ən yüksək səviyyəli təmsilçisi olaraq bütün dünyada xoş məramlar carçısı kimi tanınan və sevilən birinci xanım həm də sərvaxt əsgər kimi Azərbaycan mədəniyyətinin keşiyində dayanıb. Məhz onun səyləri nəticəsində Azərbaycan muğamı, xalçaçılıq, aşıq sənəti və Novruz bayramı BMT tərəfindən bəşəriyyətin qeyri-maddi irsi siyahısına daxil edilib.
Azərbaycana və xalqına bağlılığı onun həm də yüksək insani və mənəvi keyfiyyətlərindən doğur. Zəngin intellektə və müasir təfəkkürə malik olmaqla yanaşı o, eyni zamanda sadəlik, təmkinlilik, nəciblik kimi xüsusiyyətləri ilə digərlərinə nümunədir” – deyə, Bahar Muradova bildirib.
Azərbaycanın Birinci vitse-prezidentinin çoxşaxəli və zəngin fəaliyyətinə toxunan B.Muradova qeyd edib ki, taleyinə birinci olmaq qismətindən irəli gələn məsuliyyəti dərk etdiyindəndir ki, bu gün Mehriban Əliyeva müasir Azərbaycan qadınının simvoluna çevrilib və bütün dünyaya Azərbaycan qadınının ən gözəl nümunəsini sərgiləyir. Təsadüfi deyil ki, ölkəmizin birinci ledisi beynəlxalq aləmdə zərif cinsin ən güclü və qüdrətli simalarından biri kimi qəbul olunur: “Respublikanın Birinci vitse-prezident kimi yüksək, eyni zamanda çox çətin və şərəfli vəzifənin daşıyıcısı kimi ölkənin ictimai-siyasi həyatına yeni ovqat gətirmiş Mehriban xanım Əliyeva bu ali kürsüdə öz potensialını daha geniş şəkildə səfərbər edərək möhtərəm Prezident İlham Əliyevin ölkəmizin inkişafı istiqamətindəki fəaliyyətinə daha yaxından dəstək olmaqla ona bəslənən ümidləri və etimadı layiqincə doğrultmaqdadır. Bu tandem isə dövlətə, xalqa xidmətin yeni, mütərəqqi nümunəsini ortaya qoyub”.
“Bu gün Mehriban xanım Heydər Əliyev amallarının ideoloji bazası olan Yeni Azərbaycan Partiyasının ən güclü dayaqlarından biridir. Yaranışından ulu öndərin ideyalarından bəhrələnən bu siyasi məktəbin müdavimi kimi mən də Mehriban xanım Əliyevanın partiya rəhbərliyində təmsil olunmasından hədsiz qürur duyuram.
Çünki onun uğuru Azərbaycanın uğurudur, hər birimizin uğurudur. Ona görə ki, Mehriban xanım buna öz millətinə, xalqına olduqca saf, insanlara səmimi münasibəti ilə nail olub. Bu özəl münasibət onun dəyər verdiyi mənəvi varlıqların ən böyüyüdür.
Cavabı isə xalqın məhəbbətidir. Və mən əminəm ki, Mehriban xanıma olan bu xalq məhəbbəti Heydər Əliyev ideyalarının daşıyıcısı olaraq heç zaman tükənməyəcək, uğur isə onu hər zaman hər yerdə müşayiət edəcək” – deyə, MM-in sədr müavini qeyd edib.