26 Avqust 2017 13:54
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur.

Teleqraf.com xəbər verir ki, bu qərar 2010-cu ildə ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqisi festivalının rəhbərliyi tərəfindən qəbul olunub.

Muğam və tar ifaçılığı sənəti UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilib.

Azərbaycanda bu sənətə dəstək üçün “Muğam aləmi” beynəlxalq muğam festivallarının, müsabiqələrin, muğam konsertlərinin, simpoziumların təşkili, “Qarabağ xanəndələri” albomunun buraxılması, “Muğam” jurnalının, “Muğam ensiklopediyası”nın nəşri, müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət “Azərbaycan muğamı” multimedia toplusu hazırlanır.

Muğam Azərbaycan milli musiqi mədəniyyətinin uğurlarının əsasında durur. Dahi Üzeyir Hacıbəyli “Leyli və Məcnun” operasını muğam üzərində yazıb, Fikrət Əmirov “Şur” və “Kürd-Ovşarı” simfonik muğamları ilə dünya musiqisində simfonik muğam janrının əsasını qoyub. Niyazi, Qara Qarayev, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Aqşin Əlizadə, Arif Məlikov, Firəngiz Əlizadə və digər görkəmli bəstəkarların yaradıcılığında muğamdan irəli gələn bədii prinsiplər ən müasir kompozisiya texnikası ilə qovuşur. Vaqif Mustafazadə bu janrı caz sənətinə gətirib.

Ölkəmizdə keçirilən “Avroviziya”, “Avropa oyunları”, “İslam oyunları” və s. kimi ən prestijli yarışmaların açılış və bağlanış mərasimlərində muğama xüsusi yer ayrılıb.


Müəllif: Könül

Oxşar xəbərlər