Qlobal istiləşmənin mövcud templə inkişafının nəticəsi olaraq Xəzər dənizi akvatoriyasının Rusiyaya aid hissəsinin 75 ildən sonra xeyli daralacağı proqnozu inandırıcı deyil.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyib.
Onun sözlərinə görə, Xəzər dənizinin qalxıb-enməsi 20-30 faiz yağıntılardan asılıdır: “Digər səbəblər isə geoloji proseslərə bağlıdır. Əcnəbi alimlərin tədqiqat apararaq Xəzər dənizi barədə dedikləri fikirlərlə razılaşmıram. Xəzərin səviyyəsi dəfələrlə enib-qalxıb.
Həmin alimlər bir həftəlik hava proqnozunu dəqiq verə bilmirlərsə, necə olur ki, Xəzər dənizinin 75 ildən sonra quruyacağı proqnozunu irəli sürməyə cəsarət edirlər? Bunun üçün əsas göstərməlidir.
Bu cür məlumatları yayaraq insanları qorxutmağa çalışırlar. Fikrimcə, belə məqsədli məlumatların heç bir əsası yoxdur”.
Telman Zeynalov qeyd edib ki, 2030-cu ilə qədər Xəzərdə suyun səviyyəsinin 1 metr qalxmaq ehtimalı var: “Havalar isti keçsə, suyun səviyyəsi düşə də bilər. Amma dənizin quruyacağı versiyası düzgün deyil. Rusiya və Azərbaycanda xırda çaylar üzərində bəndlər yaradaraq elektrik stansiyaları qurulur. Müəyyən müddətdən sonra həmin stansiyalarda anbarlar su ilə dolacaq və çayların suyu yenidən Xəzərə axacaq”.
Qeyd edək ki, ABŞ, Rusiya və Fransa alimləri birgə tədqiqatdan sonra belə proqnoz irəli sürüblər ki, qlobal istiləşmənin mövcud templə inkişafının nəticəsi olaraq Xəzər dənizinin akvatoriyasının Rusiya hissəsi 75 ildən sonra xeyli daralacaq.
Alimlər bildirir ki, 1996-cı ildən 2015-ci ilə qədər hər il Xəzər dənizində suyun səviyyəsi 7 santimetr azalıb. Qeyd edilən müddət çərçivəsində suyun səviyyəsi 1.4 metr adüşüb ki, bu da 1970-ci illərin sonlarında qeydə alınan göstəricidən 1 metr çoxdur.