Bu məsələ ilə bağlı istintaq davam edir. Mən xaricdə, ezamiyyətdəyəm. Həmin yüksək rəqəmlərə qaldıqda isə, hələ heç kim mənə dəyən zərəri dəqiq hesablamayıb. Rəqəmlər yalandır. Yazıblar, yazıblar da. Siz yazmayın. Bu qızıllar mənim illər əvvəl aldığım şeylərdir. Qiymətlərini heç özüm dəqiq bilmirəm, kim belə hesablamalar aparıb, bilmirəm.
Bu sözləri Teleqraf.com-a AMEA Əlyazmalar İnstitutunun direktor müavini Aybəniz Əliyeva deyib. O, oğurluğu təsdiq etsə də, rəqəmləri təkzib edib:
“Bu qədər pulu evdə saxlamağıma gəlincə, mən başa düşmürəm, günah iş görmüşəm ki, pullarımı evdə saxlamışam? Hər kəsin güvəndiyi yeri öz evidir. Mən də şəxsi pullarımı, qızıllarımı evimdə saxlamışam. 1 milyona yaxın məbləğdən danışırlar. Bu yalan söhbətdir. Mənə 2-3 il ərzində dəyən zərərdən söhbət gedir. Mən 2017-ci ilin may ayında bilmişəm ki, oğru evimdə çalışan qulluqçudur. Oğru bu pulları və qızılları birdəfəyə yox, zamanla aparıb. Yəni bir ayda neçə dəfə evdə pul itdiyi olub. Bu pulları qulluqçumuzun oğurladığı ağlımıza gəlməyib. O da əməlinə davam edib. Bizi o qədər saf olduğuna inandırmışdı ki, hərdən düşünürdüm ki, pulu oğurlayan qara qüvvələrdir, tez-tez evimizə gəlirlər.
Yəni bu insan mənə maddi zərərdən çox mənəvi zərər vurub. Psixikam korlanıb. Etibar edib evimə buraxmışdım. O isə başıma belə oyun açdı.
Həm onun oğru olduğu artıq sübut olunub. Hüquq mühafizə orqanları əməliyyat tədbiri keçiriblər və həmin pulları onun evindən tapıblar. İstintaq bitəndə hər şeyi daha dəqiq biləcəyik.
Oğrunun atası deyir ki, qızım qızılları ona hədiyyə edib. Sizə bir sual verim. Hansı adam atasından-babasından qalma qızılları durub quluqçusuna hədiyyə edər? Belə şey olar? Bir ailənin hər şeyini aparıblar, evini qurudublar, indi də böhtan atırlar. Mənim qızım uşaq deyil, dəli deyil, ağılsız deyil ki, evin qızıllarını qulluqçuya versin”.
Aybəniz Əliyeva son oğurluq əməlini törədərkən qulluqçu Xanım Zeynalovanın kameraya düşdüyünü açıqlayıb:
“Sonuncu dəfə o, evə gəldi. Mən artıq dördgöz olmuşdum. Bundan da şübhələnməyə başlamışdım. Dedim, gedim görüm ki, bu adamın durumunda dəyişiklik varmı? Getdim, gördüm ki, adında 10 mülk, 4 maşın varmış. Türkiyədə ev alıb. Son dəfə evimdə olanda da seyfi açdığı yerdə kameraya düşüb. Bundan artıq nə ola bilər? Kimisə durduğu yerdə hüquq-mühafizə orqanları tutub aparıb 4 ay həbs edə bilər?
O, mənə çox yalan danışıb. 2015-ci ildə qulluqçumu titrətmə tutdu, yalandan dedi ki, atam ölüb, vəziyyətim pisdir. Dedim, ünvanı ver, yasınıza gələk. Dedi, yox, meyiti Xızıya aparırıq. İdni araşdırma zamanı bəlli olub ki, atası bacısına general etibarnamə ilə maşın verib. Bunu eşidəndə dəli oldum ki, bəs axı onun atası ölüb?!
Artıq başa düşdük ki, bu həm oğru, həm yalançıdır. Yəqin ki, atası ilə də əlbirdir. Atası indi çıxıb ortalığa ağzına gələni danışır.
Amma onun oğru olması artıq sübut olunub”.