Sentyabrın 6-da Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü keçiriləcək.
XİN-dən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan-Gürcüstan-Türkiyə formatında xarici işlər nazirləri səviyyəsində birinci üçtərəfli görüş 8 iyun 2012-ci ildə Trabzonda keçirilib.
28 mart 2013-cı ildə Batumidə adıçəkilən formatda keçirilən ikinci görüşün yekunlarına əsasən 2013-2015-ci illər üçün nəzərdə tutulmuş Üçtərəfli Sahəvi Əməkdaşlıq üzrə Fəaliyyət Planı qəbul olunub.
19 fevral 2014-cü ildə Gəncə şəhərində hər üç ölkənin xarici işlər nazirlərinin üçüncü görüşü baş tutub. Bunun ardınca həmin ilin 10 dekabr tarixində Qarsda, 19 fevral 2016-cı ildə isə Tiflisdə müvafiq olaraq dördüncü və beşinci üçtərəfli formatda görüşlər keçirilib.