Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cari ilin 8 ayında vətəndaş müraciətlərinin araşdırılması və əmək hüquqlarının pozulması halları ilə bağlı tədbirlər davam etdirilib.
Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, xidmətin vətəndaş müraciətlərinə əsasən həyata keçirdiyi tədbirlər nəticəsində cari ilin yanvar-avqust aylarında işəgötürənlər tərəfindən gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 77 min 115 manat vəsaitin işçilərə ödənilməsi təmin edilib. Həmin vəsaitin 71 min 358 manatı gecikdirilmiş əmək haqlarından, 3 min 701 manatı işəgötürənlər tərəfindən işçilərə ödənilməli olan sosial müavinətlər və kompensasiyalardan ibarət olub. Həmin vəsaitin qalan hissəsini isə zərərə görə ödənclər təşkil edib.
Hesabat dövründə müraciətlərin araşdırılması zamanı 6 nəfərin işdən qeyri-qanuni şəkildə azad edildiyi də müəyyənləşib və görülən tədbirlər nəticəsində onlar yenidən əvvəlki işlərinə bərpa ediliblər.
Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək qanunvericiliyinə əməl olunması, işçilərin əmək hüquqlarının təminatı, o cümlədən əmək haqları və sosial xarakterli digər ödənişlərin onlara qanunvericilikdə nəzərə tutulmuş qaydada vaxtında onlara çatdırılması və s. ilə bağlı işəgötürənlərə ətraflı şəkildə məlumatlar da verilib.