Hüseyn sonbeşiyimiz idi.
Bunu Teleqraf.com-a açıqlamasında bugünlərdə qardaş itkisi yaşamış sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib. O qeyd edib ki, qardaşı Azərbaycan Politexnik İnstitutunu (hazırkı Texniki Universitet) bitirib, təyinatla Bakı Soyuducular Birliyinə təyinat alıb:
“Hüseyn orda əmək fəaliyyətinə ustalıqdan başladı, sonra ən vacib və ən ağır sex olan ştamplama sexində rəis işlədi. Ştamplama sexində iş şəraiti ağır olduğuna görə orda da şəkər xəstəliyinə tutuldu. Amma bu xəstəlik ilk vaxtlar o qədər də ağır deyildi. Dərmanla ötüşdürə bilirdi. Daha sonra bir az da irəli çəkildi və birliyin baş direktorunun həm birinci müavini, həm də birliyin baş mühəndisi vəzifəsinə gətirildi. Soyuducu istehsalı sahəsində yaxşı mütəxəssislərdən biri hesab olunurdu. Amma xəstəliyi də irəliləyirdi və bu xəstəlik ona həyatın bir sıra nemətlərini dadmağa imkan vermədi. Düzdür evləndi, amma möhkəm ailə həyatı alınmadı, övladları olmadı və son vaxtlar tək yaşayırdı. Bu tək yaşayış tərzi də onun xəstəliyini şiddətləndirən və xəstəliyin daha ağır formaya keçməsinə səbəb olan amillərdən biri oldu. Demək olar ki, ayaq üstə gəzə-gəzə bu xəstəlik onu ölümə apardı”.
Q.Hüseynli qeyd edib ki, avqustun 30-da 52 yaşlı Hüseyn evdə tək olarkən komaqabağı vəziyyəti hiss edir və imkanı tez özünü evdən bayıra atmağa çatır:
“Yaxşı ki, özünü evdən bayıra ata bilirb. Liftin qabağında yıxılıb. Əgər içəridə qalsaydı, onun ölümü daha tez baş verər, daha faciəli ola bilər və biz də uzun müddət xəbər tutmaya bilərdik. Sağ olsun qonşular, onu təcili tibbi yardımla 3 saylı şəhər xəstəxanasına çatdırıblar. Orda iki gün koma vəziyyətində qalıb, həkimlərin səyi nəticəsində komadan çıxarıldı. Amma koma onu beyninə ciddi xəsarət yetirmişdi, həkimlərin bəziləri deyirdilər ki, beyinə qan sızıb. Çünki ayılandan sonra nitqində və tələffüz qaydalarında hiss ediləcək dərəcədə problemlər yaranmışdı. Hüseyn ətrafındakıları və bizi cəmi-cümlətanı bir gün tanıdı. Görünür, komadan aldığı travma baş beyində ciddi xəsarətlə müşayiət olunurdu və bir gün sonra adamları da tanımadı, heç ətrafa diqqət yetirmədi və ölümqabağı vəziyyət yaşamağa başladı. İki gün sonra sentyabrın 2-də, gecə saat 2 radələrində vəfat etdi. Biz onu kəndə – Tərtərin Seydimli kəndinə apardıq və dəfn etdik. Sentyabrın 5-də üç mərasimini verdik. Bakıda mərasim keçirməyi hələ ki, planlaşdırmırıq”.
Politoloq bundan cəmi 5 ay öncə 64 yaşlı Qədir adlı digər qadaşını itirdiyini də vurğulayıb. Qədir Hüseynov barədə də danışan Q.Hüseynli qardaşının Əzizm Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdiyini deyib: “Uşaqlıqdan rəssamlığa həvəsi olsa da, sonradan bu işi rəngsazlığa çevirdi. Çox incə zövqlə evləri təmir etməyi və digər rəngsazlıq işləri görməyi bacarırdı. Zənnimcə, o Qarabağ bölgəsində ən yaxşı rəngsazlardan biri idi. Daha sonra fermer təsərrüfatına girişdi və daha çox taxılçılıq istiqamətində çalışdı. Son vaxtlar səhhətində yaranan problemlərlə əlaqədar daha sabit işlərlə məşğul olurdu və xeyli xurma, ərik ağacları əkmişdi, onların məhsulunu gözləyirdi. Amma səhhəti başladığı işi axıra çatdırmağa imkan vermədi və o, onkoloji xəstəlikdən vəfat etdi. Qədir çox istedadlı idi, orta məktəbi əla qiymətlərlə bitirmişdi. Amma orta məktəbdən rəssamlığa həvəsli idi. Atamız erkən vəfat etdiyindən evə ilk qazancı gətirən də Qədir olmuşdu. O, qrafitlə insanların portretini çəkməklə müəyyən qədər pul qazanırdı”.
Q.Hüseynli çətin günlərində ona və ailəsinə yardımçı olan, dərdini bölüşən hər kəsə minnətdar olduqlarını vurğulayıb:
“Həyatın işidir, nə etmək olar?! Bu itkilərlə barışmaqdan başqa əlacımız yoxdur. Sizin vasitənizlə ailəmizə, o cümlədən mənə başsağlığı verən hər kəsə dərin minnətdarlığımı bildirirəm”.