"Azad İstehlakçılar" İctimai Birliyi (AİİB) ölkədə kərə yağının qiymətinin artmasına dair istehlakçılardan çoxsaylı sorğu alıb və beynəlxalq əlaqələrindən istifadə edərək, vəziyyəti araşdırıb.
Birlikdən Teleqraf.com-a verilən məlumata görə, qiymət artmının əsas səbəbi dünya bazarında kərə yağının qiymətinin qalxması ilə əlaqədardır. 2016 -cı ilin iyun-iyul ayları ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə kərə yağının dünya bazarında qiymətləri 100%, yəni 2 qat artıb. Dünya bazarı dedikdə Avstraliya və Okeaniya(əsas istehsalçı Yeni Zelendiyadır), Avropa və Amerika qiymətləri nəzərdə tutulur. Qiymətə təsir edən bu 3 bazardan isə Okeaniyanın təsiri daha çoxdur. Belə ki, Amerika əsasən, daxili bazarı təmin edir. Avropa istehsalçıları Avropa və Avropaya yaxın ölkələrə, Okeaniya isə demək olar ki, əksər ölkələrə (Avropa və Amerikaya da) ixrac edir.
Bəs, dünya bazarında qiymət artımı nə ilə bağlıdır? Bildirilir ki, ümumilikdə süd istehsalında azalma var. Bu, dünya bazarında süd məhsullarının həcminin 2015 ci ilin son 2 rübü- 2016 ci ilin ilk 2 rübündə aşağı olması ilə bağlıdır. Süd məhsulullarının qiyməti aşağı olanda süd istehsal edən fermerlər inəklərini satır, digər məhsul istehsalına başlayırlar. Bu, çox xoşagəlməz haldır. Belə ki, yenidən süd istehsalına qayıtmaq bir neçə il vaxt aparır. Lakin südün tərkibində olan yağa tələbat artıb. Bu da yağ istehsalında başlıca məhsuldur. Deməli, kərə yağına tələbat artıb. Tələbatın artımı isə çox insanın marqarin deyilən məhsuldan imtina etməsi və təbii kərə yağı istifadəsinin artırmasıdır. Bunun da 2 səbəbi var. Birinci səbəb: alimlərin son illər apardıqları tədqiqatlar sübut edir ki, kərə yagı marqarindən daha xeyirlidir və daha az zərərlidir. İkinci səbəb isə odur kiŞ, insanlar təbii məhsullara daha çox üstünlük verməyə başlayıblar. Azad bazarda da tələb artanda istehsal tələbatı tam ödəyə bilmirsə, qiymətlər artır.
Bu artım 2016 ci ilin avqustundan bəri başlayıb və bu ilin iyun- iyul aylarında pik həddə çatıb. Ümumiyyətlə, qapalı dairə mövcuddur.Südün qiyməti aşağı düşərsə, fermer çökür, inəyi ətə çevirir, bundan sonra südün və yağın qiyməti qalxır və ya əksinə. Quru süd qiymətləri ilə bağlı vəziyyət isə belədi: Normalda yağlı və yağsız quru süd arasında qiymət fərqi hər tona görə 100-200 dollar olur. Hazırda isə yağlı quru süd yağsız quru süddən 1200 dollar bahadır. Bu nədən belədir? Kərə yağına tələbat yüksək olduğundan istehsalçılar daha çox yağ istehsal edirlər və yağlı süd, yağsız südə baxanda daha az miqdarda süd tozuna çevrilir. Bundan başqa, illərlə 1 ton kərə yağının qiyməti yağsız süd tozunun qiymətindən bir az baha olardı, 200-1200 dollar arası. İndi isə kərə yağının 1 tonu quru süd tozunun 1 tonundan 4400 dollar bahadır.