8 Sentyabr 2017 19:23
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Oqtay Əsədov ATƏT Parlament Assambleyasının (PA) sədri Kristin Muttonenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milli Məclisdən Teleqraf.com-a verilən məlumata görə, spiker qonağı salamlayaraq, cari ilin mart ayında MDB PA-nın yubiley tədbirləri zamanı xanım Kristin Muttonenlə görüşünü xatırlayıb. Qeyd edilib ki, bugünkü görüş qonağın Azərbaycana ikinci səfəri çərçivəsində baş tutur. 2014-cü ildə Bakıda keçirilən ATƏT PA-nın 23-cü yay sessiyasında qonaq təşkilatın vitse-prezidenti seçilib.

Söhbətdə sədr bu ilin oktyabrında Avstriyada keçiriləcək növbədənkənar parlament seçkilərində qonağa uğurlar arzu edib. Onun belə bir ərəfədə ölkəmizə gəlişini yüksək dəyərləndirib.

O.Əsədov cari ilin iyulunda Minskdə keçirilmiş təşkilatın 26-cı illik sessiyasında ATƏT PA-da Azərbaycan tərəfinin təşəbbüsü ilə İpək Yoluna dəstək qrupunun yaradılması məsələsində tutduğu mövqeyə görə qonağa öz minnətdarlığını bildirib.

Qeyd edilib ki, ATƏT-in əsas funksiyalarından biri qitədə təhlükəsizliyin təmin olunması, münaqişələrin aradan qaldırılmasıdır: "Bu baxımdan biz göstərilən istiqamətlər üzrə qurumun Parlament Assambleyasının fəaliyyətinin gücləndirilməsini önəmli hesab edirik".

Spiker Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in Minsk qrupunun yaradılmasına baxmayaraq, ötən 25 il ərzində münaqişənin həlli istiqamətində gözlənilən nəticənin əldə edilmədiyini söyləyib. Bildirilib ki, bu hal Azərbaycan ictimaiyyətində Minsk qrupuna olan inamı getdikcə azaldır: "Bizdə belə bir təsəvvür yaranmışdır ki, qrupda təmsil olunan böyük dövlətlər münaqişə bölgəsində status-kvonun saxlanılmasında və müharibənin yenidən alovlanmamasında maraqlıdırlar. Ancaq onlar unudurlar ki, bu hal sonsuza qədər davam edə bilməz.

Ermənistandan başqa bütün dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Dünyanın digər bölgələrində münaqişələr baş verən zaman işğalçıya qarşı sanksiyalar qəbul olunur. Ona lazımi təzyiqlər göstərilir. Ancaq Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistana münasibətdə biz bunu görmürük. Əvəzində isə cəbhə xəttində mülki insanlar, qocalar və uşaqlar qətlə yetirilir. Ötən ilin aprelində Azərbaycanın Ermənistanın təxribatına verdiyi cavab bir daha göstərdi ki, biz münaqişəni başqa vasitələrlə də həll edə bilərik. Ancaq biz öz beynəlxalq öhdəliklərimizə sadiqiq. Problemin sülh yolu ilə, ədalətli həllinə inanırıq.
Sədr bildirdi ki, Azərbaycan Avropa İttifaqının üzvləri və təşkilatın özü ilə qarşılıqlı hörmət əsasında əməkdaşlıq edir. Azərbaycana zorla hansısa sənədi qəbul etdirmək mümkün deyildir. Ermənipərəst təşkilatlar və ölkəmizi istəməyən qüvvələr müxtəlif vasitələrlə bizə təzyiqlər göstərməyə cəhd edirlər. Bu çirkin əməllər bu gün də davam edir. Heç bir qüvvə Azərbaycanı müstəqil siyasət yolundan döndərə bilməz".

Sədr ATƏT PA nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində keçirdiyi görüşləri yüksək dəyərləndirərək, bu cür səfərlərin əməkdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyətli olduğunu söyləyib.

K.Muttonen səfər çərçivəsində keçirdiyi görüşlər zamanı aparılan danışıqlardan məmnun qaldığını deyib. O, ölkə Prezidenti ilə ən müxtəlif istiqamətlər üzrə - Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, təhsil, Qədim İpək Yolunun bərpası və digər məsələlərlə bağlı aparılan müzakirələri, Milli Məclisdə həmkarları ilə keçirdiyi görüşləri fikir mübadiləsi baxımından yüksək qiymətləndirib.

Qeyd edilib ki, Azərbaycan nümayəndə heyətinin üzvləri təşkilatın işində fəallıq göstərir, yeni-yeni qərar və qətnamə layihələri, ideyalarla çıxış edirlər. Onların verdikləri təkliflər Assambleya üzvləri tərəfindən maraqla qarşılanır.

Qonaq Assambleyada multikulturalizmlə bağlı Azərbaycan tərəfinin irəli sürdüyü qətnamənin qəbul olunmasından danışaraq, bu sahədə Azərbaycanın təcrübəsini digər dövlətlər üçün çox əhəmiyyətli hesab edib. Bildirilib ki, multikulturalizm terrorizmə qarşı mübarizədə də əhəmiyyətli rol oynaya bilər: "Gələcəkdə bu istiqamətdə biz fəaliyyətimizi genişləndirmək niyyətindəyik".

K.Muttonen Azərbaycana səfərinin nəticələrindən razı qaldığını, ikitərəfli əməkdaşlığın bundan sonra da yüksək səviyyədə davam etdiriləcəyinə ümidvar olduğunu qeyd edib.

Söhbətdə tərəflər Azərbaycan-Avstriya münasibətlərinin bu günü və gələcək inkişaf perspektivləri, parlamentlərarası əlaqələrin daha da dərinləşməsi, dostluq qruplarının fəaliyyəti və digər məsələlər barədə fikirlərini bölüşüblər.

Görüşdə Milli Məclis sədrinin müavini, ATƏT PA-da nümayəndə heyətimizin rəhbəri Bahar Muradova, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər