Mən həmişə uşağına alınma süd verən ana görəndə birinci sinəsinə baxıram. Görürəm ki, bu yekə, piyli, ətli-budlu arvadın sinəsi qarnının üstünə sallanır. Bütün günü evin içində yeyir, yatır, durur, tum çırtlayır, cipsi, dolma, aş yeyir, bozbaş yeyir, yenə yatır. Bəs niyə uşağını süd payından, onu öz möcüzəsindən məhrum edir?
Fiqurası pozulmasınmı deyə? Axı fiqura da yoxdur. Və ya baxırsan ki, qadın arıqdır, qarnı kürəyinə yapışıb, nənəmin sözü olmasın, yapalağa oxşayır, nə olsun, sinəsi ki yerindədir. Amma özünü sırf südü gəlməsin deyə yeməkdən-içməkdən məhrum edir.
Ortalama hesabla bir uşaq həftə ərzində iki paket süd qəbul edir. Bir paket südü aşağısı on beş manatdan hesablasaq, həftəyə otuz, aya yüz iyirmi manat edir. Təsəvvür edin, əri fəhləliklə və ya min bir əzabla işləyən bir qadın öz cahilliyi ucbatından dirəşib həmin süni südü aldırmasa, elə evinə o pula bazarlıq edər və ya uşağına pampers, paltar alar.
Əlbəttə, uşağa süd verməmək üçün üzrlü səbəblər ola bilər. Üzümüzdən iraq, pis xəstəlik ucbatından dərman qəbul edər, uşağa ziyan olar və ya ehtiyac üzündən səhər evdən çıxar, axşam gələr, uşaqdan ayrı qalar və sair. Bəbəş də süddən yadırğayar, gen düşər.
Hələ bu da var: uşağını süddən kəsməyənlər! Məsələn, içki içən ananın öz südü ilə uşağını zəhərləməsi sadaladıqlarımın hamısından betərdir. Ana olan kəs dayanmaq bilmədən içir, içdiyi zəhrimar südə qarışır, südün dadı dəyişir, süd əmən körpənin qanına alkaqol qarışır, əsəbləri pozulur, travma alır və bütün bunlarla birgə böyüyür.
Hələ içən ananın beyni dumanlanandan sonra uşağın psixi halına təsirini, yuxusuz qoymasını, incitməsini, pis nümunə olmasını demirəm, düşünmürəm, düşünə bilmirəm. Çünki düşünəndə ürəyim ağzımın içinə gəlir.
Süd nə həzm olmuş qida, nə də qandır. Belə demək mümkünsə, ana südü canlı substansiyadır. Onun tərkibində qandakı qədər canlı hüceyrələr var. Bəzi mənbələrdə buna ağ qan da deyirlər. Ana döşündə proteinli süd hazırlanarkən, əlavə olaraq yalnız bədəndəki turşulardan istifadə olunur. Hazırlanan südün tərkibindəki vitamin, duz, fosfat, şəkər qandan götürülür. Deməli, süd qida maddələrinin qan vasitəsilə sorulamsından yaranır.
Eyni zamanda ana südü qızla oğlan, birinci və ya ikinci uşaq üçün fərqli yaranır, yəni tərkibindəki komponentlər müxtəlif olur. Ana bədəni uşaqları bir-birindən ayırır, onları xüsusiləşdirir. Elə ana südün əsas özəlliyi də məhz bu xüsusiləşmədədir. Qız uşağına ayrı, oğlan uşağına ayrı tərkibdə istehsal olunan ana südünün alınma südlə əsas fərqi ondandır ki, cinsiyyətdə müəyyən fərqlər yaranır. Oğlan oğlan kimi, qız qız kimi böyüyür, inkişaf edir, hormonları sabit qalır, dəyişməyə meyillənmir.
Təbii, gələcəkdə hormonların pozulmasında istisnaları da qeyd etmək zəruridir.
Hətta ana südündən maska kimi üz dərisinə tətbiq edənlər də var. Bu, ləkələrə, səpkilərə, qırışlara qarşı çox xeyirlidir. Eyni zamanda qrip olduğu zaman buruna, qulaq ağrısı zamanı qulağa damızdırılan ana südü tez bir zamanda effektiv təsir göstərir.
Ana südünü artıran qidaların ən başında təbii ki, su dayanır. Çoxlu maye qəbulu ana südünün yaranmasına müsbət təsir edir. Bununla yanaşı ispanaq, razyana, noxud, qoz fındıq kimi qidalar... Yəni əziz ana, can analar bilməlidir ki, heç də süd gəlsin deyə bütün günü yeyib şişməyə ehtiyac yoxdur. Yox, illah da yeyəcəm deyirsinizsə, həm də arıqlamaq istəyirsinizsə, bir az hərəkət edin, stuldan, divandan durun. Döşəməni silin, divarın tozun, tavanın torun alın, paltar yuyun, qab yuyun, idman edin. Bəs necə?
Baxın, elmi hesablamalara görə, bir litr südün hazırlanması üçün ən azı beş yüz litr qan ana döşündə dövr etməlidir. Təsəvvür edirisinizmi? Hansı ki, bir litr qanın yaranması üçün bu qandan qat-qat artıq qida qəbul olunmalıdır. Bu o deməkdir ki, ana döşündə gedən proseslər hələ də elm aləminə qaranlıqdır. İnsanlıq aləminə isə dəxlisiz səbəblər ucbatından körpəsini öz ruzisindən kəsən qadınların beyni qaranlıq olaraq qalır.
Onların nə yeyib-içdiyi, nə ilə qidalandığı, karbonlamı, azotlamı nəfəs aldıqları hələ də tam aydınlaşmayıb...