11 Sentyabr 2017 22:26
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Xarici İşlər Nazirliyi Azərbaycan hakimiyyətinin bloqer Aleksandr Lapşinin əfv edilməsi ilə bağlı qərarını alqışlayır.

Trend "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İsrail XİN-in mətbuat katibi Emmanuel Nahşon bildirib:

"İsrail XİN Azərbaycan Prezidentinin Lapşini əfv etməsindən məmnundur. Biz onu tezliklə İsraildə görməyimizə şad olacağıq və onun qayıdışını təmin edəcəyik".

O, xatırladıb ki, israilli diplomatlar bloqerə həbsdə olduğu dövrdə dəstək göstəriblər.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 1976-cı ildə anadan olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail Dövlətinin vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad edilsin.

Ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Lapşin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilimişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər