12 Sentyabr 2017 17:48
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 12-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində beynəlxalq avtomobil daşımalarının elektronlaşdırılması məsələləri ilə bağlı görüş keçirilib.

DGK-dən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə Dövlət Gömrük Komitəsi və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) nümayəndələri iştirak edib.

Görüşün açılış mərasimində DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov bildirib ki, hazırda Azərbaycanda gömrük xidmətləri tam elektronlaşdırılıb. Gömrük qanunvericiliyinin təkmilləşdirilməsi nəticəsində gömrük işinin səmərəli təşkili sahəsində mühüm addımlar atılıb.

İdarə rəisi Dövlət Gömrük Komitəsinin bəzi ölkələrin gömrük xidmətləri ilə mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkilinə dair sazişlər imzaladığını və bu istiqamətdə işin davam etdirildiyini də diqqətə çatdırıb.

Azərbaycan Gömrük Xidmətinin gömrük prosedurlarının və ticarətin asanlaşdırılması istiqamətində istər regional, istərsə də dünya miqyasında fəaliyyətinə toxunan Cavad Qasımov qeyd edib ki, Azərbaycan tərəfi beynəlxalq avtomobil daşımalarının elektronlaşdırılmasında da maraqlıdır. İdarə rəisi bu məsələ ilə bağlı görüşdə aparılacaq müzakirələrin qabaqçıl təcrübələrin öyrənilməsi və prioritetlərin müəyyənləşdirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının nümayəndə heyətinin rəhbəri Rafael Hirt Azərbaycan Respublikasına strateji müttəfiq kimi yanaşdıqlarını və Azərbaycan Gömrük Xidmətinin gömrük prosedurlarının və ticarətin asanlaşdırılması istiqamətində aktiv fəaliyyətini təqdir etdiklərini söyləyib. Azərbaycan tərəfi ilə əməkdaşlıqdan məmnunluğunu bildirən nümayəndə heyətinin rəhbəri beynəlxalq avtomobil daşımalarının elektronlaşdırılması məsələləri ilə bağlı görüşün nəticələrinin də səmərəli olacağına əminliyini ifadə edib.

Sonra görüşdə Azərbaycanla sərhədyanı ölkələrdə beynəlxalq avtomobil daşımalarının elektronlaşdırılması sahəsində mövcud vəziyyət və perspektiv imkanlar müzakirə olunub, məlumat mübadiləsinə dair İran-Türkiyə pilot layihəsinin təqdimatı keçirilib.

Görüşdə digər mövzularla yanaşı, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) arasında vaxt çərçivəsinə dair Fəaliyyət Planının müəyyən edilməsi məsələləri də müzakirə edilib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər