Ötən gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib.
İclasda qeyd olunub ki, Respublika Veteranlar Təşkilatının sədri general-mayor Dadaş Rzayevin səhhətində problemlər yaranıb, nəticədə təşkilatın gündəlik fəaliyyətində bəzi məsələləri daha operativ həll etmək baxımından çətinliklər ortaya çıxıb.Qeyd olunub ki, istefada olan general-mayor Dadaş Rzayevin müalicəsinin davam etdirilməsi və Respublika Veteranlar Təşkilatının sədri vəzifəsindən azad olunması məqsədəuyğun hesab edilib.
Azvision.az D. Rzayevin səhhəti ilə maraqlanıb. Təşkilatından bildirilib ki, artıq bir ilə yaxındır ki, D. Rzayevin səhhətində ciddi problemlər yaranıb:
“Dadaş Rzayev insult keçirib. Buna görə də onun bəzi orqanlarının fəaliyyətində müəyyən problemlər yaranıb. Həmçinin onun səs tellərində də problemlər yaranıb. Nəticədə, o, səsini itirib. Danışa bilmir. Amma hazırda da müalicə olunur. İnanırıq ki, tam sağaldıqdan sonra yenidən bizimlə bərabər işləyəcək. O, işdən çıxması ilə bağlı özü ərizə yazıb. Buna müvafiq olaraq da iclas keçirildi və onun işdən çıxması ilə bağlı xahişi nəzərə alındı. Hazırda özünü yaxşı hiss edir”-,deyə təkilatdan bildirilib.
Xatırladaq ki, Dadaş Rzayev 1935-ci ildə Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində anadan olub. 1959-cu ildə SSRİ Hərbi Hava Desantçıları Məktəbini, 1973-cü ildə M.F.Frunze adına Ali Hərbi Akademiyanı bitirib, SSRİ-nin müxtəlif hərbi hissələrində xidmət edib. Sovet ordusunda hərbi xidmətini əlahiddə qırıcı hərbi-hava desantçıları briqadasının komandiri kimi başa vurub.
1990-cı illərin əvvəllərində vətənə dönüb, 1991-ci ilə qədər Qarabağa Xalq Yardımı Komitəsində işləyib. 1991-ci ilin sentyabrında milli özünümüdafiə qüvvələrinin komandanı – Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini təyin edilib. Həmin ilin dekabrında polkovnik Dadaş Rzayev general-mayor hərbi rütbəsinə layiq görülüb. 1993-cü il fevralın 21-dən 1993-cü il iyunun 17-dək Azərbaycanın Müdafiə naziri olub. Əfqanıstan və Qarabağ müharibələrinin veteranı olan Dadaş Rzayev Respublika Veteranlar Təşkilatına 2014-cü il yanvarın 28-dən sədrlik edirdi.