Gömrük Akademiyasında yeni dərs ilinin başlanması ilə əlaqədar mərasim keçirilib.
DGK mətbuat xidmətindən Teleqraf.com-a verilən məlamtda bildirilir ki, bu gün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında yeni dərs ilinin başlanması ilə əlaqədar mərasim keçirilib.
Mərasim Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi və Dövlət bayrağının ucaldılması ilə başlayıb.
Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev yeni tədris ilinin başlanması münasibətilə Akademiyanın müəllim və tələbə heyətinə, valideynlərə təbriklərini çatdırıb.
Komitə sədri Azərbaycan Gömrük Xidmətinin məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti, tapşırıq və tövsiyələri sayəsində formalaşaraq mühüm dövlət təsisatlarından birinə çevrildiyini vurğulayıb. Xatırlanıb ki, ulu öndər gömrük orqanlarının yaradılmasının 5 illiyi münasibətilə keçirilən tədbirdəki proqram xarakterli çıxışında gömrük orqanlarının fəaliyyət istiqamətlərini müəyyənləşdirib və tövsiyə edib ki, müasir gömrük sisteminin əsas şərtlərindən biri peşəkar kadrların hazırlanmasıdır.
Dahi rəhbərin tapşırıq və tövsiyələri əsasında həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olaraq, bu gün Azərbaycan Gömrük Xidmətinin dünya gömrük ailəsində layiqli yer tutduğunu qeyd edən DGK sədri Aydın Əliyev Ümumdünya Gömrük Təşkilatının Regional Tədris Mərkəzinin, Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin və Kinoloji Mərkəzinin, eləcə də Ümumdünya Gömrük Universitetləri Şəbəkəsinin Avstraliyadan sonra yeganə ofisinin məhz Bakı şəhərində fəaliyyət göstərməsini bu sahədə atılan addımların bəhrəsi kimi qiymətləndirib.
Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə Dövlət Gömrük Komitəsi Akademiyasının yaradılmasını dövlət başçısının gömrük orqanlarına, gömrük siyasətinə dəstək və qayğısı kimi dəyərləndirən Komitə sədri 3 illik fəaliyyəti dövründə bu təhsil ocağının əldə etdiyi nəticələrlə ümidləri doğrultduğunu, ölkənin nümunəvi təhsil ocaqlarından birinə çevrildiyini diqqətə çatdırıb.
Sonra tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi, gömrük xidməti general-mayoru İsmayıl Ələkbərov Akademiyanın müəllim və tələbə heyətini, valideynləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, Akademiyada təhsil alan tələbələrin tezliklə cəmiyyətdə layiqli yer tutacaqlarına, ölkənin inkişafına öz töhfələrini verəcəklərinə əminliyini ifadə edib.
Daha sonra Akademiyanın müəllimləri, tələbələr və valideynlər çıxış ediblər.
Çıxışlardan sonra bu il Gömrük Akademiyasına qəbul olunanlara tələbə biletləri və imtahanda yüksək nəticə əldə edən tələbələrə xatirə hədiyyələri verilib.
Tədbirin sonunda isə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Akademiyada yeni yaradılan auditoriyalarla tanış olub. Komitə sədrinə tədris prosesi, təhsil ocağında tətbiq edilən yeniliklər barədə məlumat verilib.
Qeyd edək ki, hazırda Dövlət Gömrük Komitəsinin Akademiyasında 170 tələbə təhsil alır. Bundan 44 nəfəri yeni dərs ilində tələbə adını qazananlardır.