Türk Dünyası Araşdırmaları Vəqfinin Bakı Atatürk Liseyində yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.
Teleqraf.com-un məlumatına görə, tədbirə ulu öndər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, Türk Dünyası Araşdırmaları Vəqfinin qurucusu Turan Yazqanın, Bakı Atatürk Liseyinin mərhum müdiri Əli Devrimin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, həmçinin Azərbaycan və Türkiyənin dövlət himnlərinin oxunması ilə start verilib.
Liseyin müdiri Hüseyn Dəmirəl müəllim və şagirdləri 15 sentyabr – “Bilik günü” və yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Ölkəmizdə təhsil sahəsinə dövlət tərəfindən xüsusi diqqət göstərildiyini deyən liseyin müdiri əlavə edib ki, Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, təhsil sektorunda da ciddi irəliləyişlər, uğurlar əldə edilib: “Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan təhsil strategiyasını bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı və digər irimiqyaslı layihələr qarşıya qoyulan vəzifələrin icrasına, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə yönəldilib”.
Bu məktəbin rəhmətlik Turan Yazqanın bir yadigarı olduğunu deyən H.Dəmirəl ötən dərs ilində qazanılan uğurlardan ətraflı bəhs edib. O da qeyd olunub ki, 2017-2018-ci tədris ilində Bakı Atatürk Liseyində 82 şagird birinci sinfə gedəcək.
Mərasimdə çıxış edən Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı Közhan Yazqan “Rəhmətlik Turan Yazqan hocamız Bakı Atatürk Liseyinə xüsusi önəm verirdi. O, Bakı Atatürk Liseyindən “göz bəbəyim” deyə bəhs edirdi”, – deyib.
K.Yazqan bu il fəaliyyətə başlanmasının 25-ci ildönümü qeyd olunan liseyin bundan sonra da Azərbaycana və Türk dünyasına şərəflə xidmət edəcəyini söyləyib: “Bakı Atatürk Liseyi ötən 25 il ərzində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldi və bundan sonra da gəlməyə, milli düşüncəli, ölkəsinə, xalqına, Türk dünyasına yararlı gəncləri yetişdirməyə davam edəcək. Mən fürsətdən istifadə edib liseyimizin müəllim və şagird kollektivini təbrik edirəm”.
Daha sonra çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi Müşfiq Kərimli rayon rəhbərliyi adından məktəbin müəllim və şagird kollektivini təbrik edib, rayonda təhsil sahəsində görülən işlərdən danışıb.
Məktəbin müəllimi Sabir Alim isə aprel döyüşlərində Azərbaycan Ordusunun qəhrəmanlığı, Lələtəpə əməliyyatında qazanılmış qələbənin tarixi əhəmiyyəti, Prezident İlham Əliyevin torpaqların işğaldan azad edilməsi istiqamətində genişmiqyaslı fəaliyyəti, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası və yerli əhalinin buraya köçürülməsi ilə başlanan böyük qayıdışın siyasi və sosial mahiyyəti barədə ətraflı məlumat verib.
Tədbirdə, həmçinin, liseyin müəllimləri İlhamə Məmmədova, Mərvə Altıbarmaq və başqaları çıxış edərək təhsilimizə göstərilən dövlət qayğısından bəhs edib, müəllim və şagirdlərə təhsildə nailiyyətlər arzulayıblar.
Tədbir liseyin şagirdlərin hazırladıqları bədii proqramla davam edib.