Bakıda taksi sürücülərindən biri nümunəvi, maraqlı addım atıb.
Teleqraf.com xəbər verir ki, o, idarə etdiyi taksiyə “Şəhid ailələrinə gediş haqqı pulsuzdur” yazısını yapışdırıb.
Görüntülər sosial şəbəkədə maraqla qarşılanıb. Adının Elçin olduğunu bildirən sürücü deyir ki, bu addım onun öz təşəbbüsüdür:
“Müdriyyətlik bir şey yoxdur. Özüm yazıb vurmuşam”.
Elçin şəhid ailəsi adından istifadə edənlərin onu aldatmasından çəkinmədiyini deyib.
“O onun vicdanından aslıdır. Mən bu yazını vurarkən kimsədən sənəd tələb etmirəm ki, baxım görüm doğrudan da şəhid ailəsisən, ya yox. Mən bunu kiməsə nəyəsə görə etmirəm. Bəlkə də elə bir köməkliyim dəymir, amma insan kimi bir iş görürəm. Mən də şəhid ailələrinə hansısa bir köməklik göstərərək, özümdə bir rahatlıq tapmağa çalışıram. Onlara diqqətli olmaq hər azərbaycanlının borcudur”.