18 Sentyabr 2017 15:37
1 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Regional İnkişaf İctimai Birliyinin (RİİB) Gəncə şəhərində könüllülərlə görüşü təşkil olunub.

Fonddan Publika.az-a daxil olan məlumata görə, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycanın birinci vise-prezidenti Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda iki il ardıcıl keçirilən marafon yarışlarının böyük marağa səbəb olduğunu bildirib.

Qeyd edilib ki, Regional İnkişaf İctimai Birliyi tərəfindən bölgədə belə bir yarışın təşkil olunması təklifi irəli sürülüb. Regionda ilk dəfə keçirilən Gəncə marafonunda 11 min şəxsin iştirak etməsi bu layihəyə bölgələrdən də marağın böyük olduğunu göstərir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Regional İnkişaf İctimai Birliyinin artıq bir illik fəaliyyət dövrünün başa çatmaqda olduğunu deyən Anar Ələkbərov ötən müddətdə region sakinlərindən gələn hər bir təklifin diqqətdə saxlanıldığını qeyd edib.

RİİB-in gördüyü işlərin birbaşa insanlara xidmət edən layihələr olduğunun Heydər Əliyev Fondunun prezidenti tərəfindən yüksək qiymətləndirildiyi bildirilib. Qeyd olunub ki, təşkilatın sosial, səhiyyə, təhsil sahələrindəki layihələrində, o cümlədən regionlarda təhsil ocaqlarının qurulmasında və lazımi avadanlıqla təmin olunmasında, fiziki imkanları məhdud şəxslərə yönəlik işlərində RİİB könüllüləri yaxından iştirak edib.

Anar Ələkbərov Heydər Əliyev Fondunun regionlarda gördüyü işlərdən danışaraq Şəki şəhərindəki uşaq evi üçün artıq yeni binanın inşasına başlanıldığını və Gəncədə də uşaq evi ilə bağlı layihələrin icrasının nəzərdə tutulduğunu qeyd edib.

Təşkilatın hər bir regiondan olan könüllüsü bundan sonra da RİİB layihələrində aktiv iştiraka və Azərbaycan, ölkə prezidenti naminə gözəl işlər ətrafında səfərbər olmağa çağırılıb.

Görüşdə çıxış edən millət vəkili Qənirə Paşayeva RİİB tərəfindən həyata keçirilən layihələrin, o cümlədən Gəncədə təşkil olunan marafonun bölgələrin və gənclərin fəallığı baxımından əhəmiyyətli olduğunu deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər