18 Sentyabr 2017 16:57
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qəbələ şəhərində Ümumdünya Gömrük Təşkilatının MDB ölkələri üzrə hüquq-mühafizə fəaliyyətinə dair RILO-Moskva Regional Məlumat Əlaqələndirmə Qovşağının iştirakçı ölkələrinin gömrük xidmətləri milli əlaqələndirmə qovşağı rəhbərlərinin 16-cı iclası keçirilib.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məluata görə, iclasa Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan və Qırğızıstan gömrük orqanlarının əməkdaşları, eləcə də RILO-Seulun məsul nümayəndəsi qatılıb.

İclasın açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov hüquq-mühafizə fəaliyyəti çərçivəsində RILO-Moskva ilə əməkdaşlığın hər il inkişaf etdiyini bildirib.

Qeyd edilib ki, Azərbaycan Gömrük Xidmətinin RILO-Moskva ilə gömrük hüquqpozmalarına qarşı mübarizə, eləcə də təcrübə və informasiya mübadiləsi sahəsində əməkdaşlığı ilbəil genişlənir.

Gömrük hüquqpozmaları və qaçaqmalçılıqla mübarizə istiqamətində beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulayan Şahin Bağırov deyib ki, yalnız qarşılıqlı əlaqələrin gücləndirilməsi, ümumi yanaşma və uğurlu strategiya sayəsində bu sahədə arzuolunan nəticələrə nail olmaq mümkündür. Komitə sədrinin müavini RILO-Moskva Regional Məlumat Əlaqələndirmə Qovşağının iştirakçı ölkələrinin gömrük xidmətlərinin milli əlaqələndirmə qovşağı rəhbərlərinin növbəti iclasının da effektli təcrübə və məlumat mübadiləsinə, təhlükəsizlik və gömrük hüquqpozmalarına qarşı mübarizədə ortaya çıxan problemlərin ətraflı müzakirəsinə geniş imkanlar yaradacağını bildirib.

RILO-Moskvanın direktoru Oleq Bakanov təmsil etdiyi qurumun fəaliyyətinə toxunaraq diqqətə çatdırıb ki, RILO-Moskvanın qarşısında duran əsas vəzifələrdən biri də gömrük sahəsində qanun pozuntuları barədə informasiyanın ötürülməsi, yoxlama mexanizmi və realizə edilməsi, analitik işlərin təşkilidir. Direktor belə mühüm görüşlərin regiondakı mövcud durumun dərindən öyrənilməsində xüsusi əhəmiyyət kəsb etdiyini, bununla da iştirakçı ölkələr arasında əməkdaşlığın daha effektiv və hərtərəfli olacağına əminliyini vurğulayıb.

Açılış mərasimindən sonra iclasın gündəliyi təsdiq edilib.

Daha sonra RILO-Moskvanın direktoru Oleq Bakanov RILO-Moskvanın 2017-ci il üzrə fəaliyyətinin yekunları barədə məruzə ilə çıxış edib. Natiq çıxışında rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib, RILO-Moskvanın müxtəlif sahələrdə həyata keçirdiyi proqramlar və əməliyyatlardan bəhs edib.

İclasın gedişi zamanı RILO-Seulun məsul nümayəndəsi, eləcə də Azərbaycan, Qırğızıstan gömrük xidmətlərinin əməkdaşları və digər şəxslərin məruzələri dinlənilib.

Çıxışlardan sonra RILO-Moskvanın 2018-ci il üzrə iş planı razılaşdırılıb, iclasın yekun qərarı qəbul edilib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər