18 Sentyabr 2017 18:36
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdəki yəhudi icmasına təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda dövlət başçısı yəhudi xalqını yeni il bayramı - Roş-Ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərini çatdırır.

Prezident İlham Əliyev qeyd edir ki, sivilizasiyaların qovuşuğında yerləşən Azərbaycan bu gün multikultural ənənələrin qorunub saxlanıldığı, ayrı-ayrı dinlər və mədəniyyətlər arasında qarşılıqlı hörmət və etimad mühitinin mövcud olduğu nadir məkanlardandır.

Məktubda vurğulanır ki, tarixən Azərbaycanda məskunlaşıb yaşayan yəhudi icmasının cəmiyyətimizdə özünəməxsus yeri vardır. Əlamətdar haldır ki, yəhudi vətəndaşlarımız ölkə həyatının bütün sahələrində yaxından iştirak edir, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fəal vətəndaş mövqeyi nümayiş etdirirlər.

Dövlət başçısının təbriki bu sözlərlə bitir: “Roş-Ha-Şana özündə yeniliyi, mənəvi saflığı və həmrəyliyi təcəssüm etdirən bir bayramdır. Yəhudi xalqının bu əziz günü qoy hamınızın həyatına xoş ovqat, ailələrinizə xoşbəxtlik və sevinc gətirsin. Bayramınız mübarək olsun!”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər