“Zakir Əhmədov adında bir bədbəxt var. Ayağında bir damar tutulub və pulsuzluqdan müalicə oluna bilmir. Yoldaşı da 2014-cü ildə ölüb. Ailə 15 kv metrlik bir daxmada yaşayır. 2 qızı var - böyük 13, kiçiyi də 5 yaşında. Bir uşağı xəstəlikdən ölüb. Böyük qız imkansızlıqdan bu il məktəbə gedə bilməyib, bala isə məktəbəqədər hazırlığa getməlidir, amma o da gedə bilmir”.
Bu günlərdə politoloq Fərhad Mehdiyevin sosial şəbəkədəki bu təsirli paylaşımı xeyli diqqətə səbəb oldu, statusun altına yazılan şərhlər ailəyə dəstək olmaq istəyənlərin çoxluğundan xəbər verirdi. Ailənin çətin durumu, iki qızın təhsildən yayınmasına biganə qala bilmədik.
Publika.az olaraq onların vəziyyətini ictimailəşdirmək, ailəyə kömək etmək istəyənlərin sayını artırmaq üçün biz də yolumuzu Sovetskidən saldıq. Ailəni danışmağa razı salmaq asan olmadı, onlar ağır vəziyyətlərinin ictimailəşməsini istəmirlər. Zakir Əhmədovun anası Reyhan xanım şəklinin çəkilməməsi şərtilə danışmağa razı olur. Çətinliklərindən danışdıqca gözü tez-tez dolur, boşalır. Hər dəfə çətinliyini utana-utana dilə gətirir. Amma iki qız üçün hər şey etməyə razıdır:
“Oğlumun iki yaşı var idi, yoldaşım rəhmətə gedəndə. Qızıma isə hamilə idim. Çox çətinliklə bunları böyütdüm. Hər iki övladım ailə qurdu. Oğlum bu evdə yoldaşı ilə qalırdı. Bura gəlinimin evidir. 4 il əvvəl gəlinim qaymaritdən öldü. O öləndə balaca qızın 1 yaşı var idi. İki uşağa da bu yaşa qədər qızım baxıb. Mən Türkiyəyə gedib-gəlirdim, alverlə məşğul idim. Bu ilin yanvarında oğlumun xəstə olduğunu öyrəndim və o vaxtdan nəvələrimin yanındayam”.
Nənələri danışdıqca, 13 yaşlı Tahirə və 5 yaşlı Reyhan kənarda bizi izləyir. Tahirə vəziyyəti dərk edir və çəkinir. Reyhan isə hələ ətrafındakılar dərk etmir.
Reyhan xanım əvvəl işləsə də, indi nəvələrinə baxan olmadığından işləyə bilmədiyini deyir: “Oğlum bunlara baxa bilməz. Balaca qız uşaqlarıdır, onlara ana lazımdır. İlk aylar əlimdə olan pulla oğlumu müalicə etdirməyə çalışırdım. İndi pulum yoxdur, nəinki müalicə, heç yeməyə də çörək tapmırıq. Oğlum əvvəl taksi sürücüsü idi, imkanı da yaxşı idi. Həyat yoldaşı öləndən sonra vəziyyəti pisləşdi”.
Qonşu qohumların dəstəyi olmadan bu ailədə qazan qaynamır. Tahirə bu ilə qədər bibisinin yanında qalıb və mütəmadi məktəbə gedib. Reyhan xanım deyir ki, bu tədris ilində isə məktəb hazırlığına imkan olmadığına görə bu il məktəbə göndərə bilməyiblər: “Məktəbə göndər” demək asandır. Amma buna ən azı geyim, ütülənmiş paltar lazımdır. Bu evdə uşağı səliqəli məktəbə yola salmaq üçün heç bir şərait yoxdur. Çox adi bir məsələ çimməyə yer yoxdur. Uşaqları çimmək üçün bacımgilə aparıram. Böyüyü məktəbə göndərə bilmiriksə, balacanı necə məktəbəqədər hazırlığa göndərim? Bu yaşımda mənə iş verən yoxdur. Həm işləsəm belə, bu uşaqlara kim baxsın? Oğlum xəstə olsa da, məni indi ancaq bu iki qız maraqlandırır. Bu uşaqların gələcəyi üçün çalışıram. İndi tək istəyim uşaqlara sosial müavinət almaqdır”.
Uşaqların valideynləri rəsmi nikahda olmayıb. Uşaqlar analarının soyadını daşıyır.
Reyhan xanım sosial müavinət üçün müraciət etsə də, ancaq rəsmi nikah olmadığından bu da mümkün olmayıb: “Mənə dedilər ki, uşaqların atası, ya da anası gəlməlidir. Oğlum xəstədir, məni də qəbul etmədilər. İndi uşaqların sənəd işlərini həll etmək üçün müraciət etmişəm, ola bilər ki, sosial müavinət almaqda kömək olunsun. Özümə heç nə istəmirəm, bir quru canımdır. Sadəcə bu uşaqlar küçədən gəlib “nənə acmışam” deyəndə pis oluram. Çünki çox vaxt onlara verməyə yemək tapmıram. Buna dözmək çox çətindir. Qonşular, qohumların köməyilə bir qazan sup bişirirəm, onu da ancaq bir öyün yeyə bilərik. Evdə soyuducu yoxdur, ona görə yeməyi də sabaha saxlaya bilmirəm. Hava istidi, uşaqlar soyuq su istəyir, onu belə verə bilmirəm. Yay qurtardı, uşaqlar normal bir meyvə yemədilər. Hər səhər dura bildiyimiz üçün şükür edirəm, amma doğrudan vəziyyət çətindir. Bilirsiniz, nə qədər xəcalət çəkirəm, kömək üçün müraciət edəndə? Utana-utana bu iki körpə üçün bəzən bacıma ağız açıram. O da evində yemək olanda bir bankaya yığıb gətirir. Bunlar uşaqdır, başa düşmürlər. Bəzən gecələr səhər qədər oturub uşaqlara baxıram, nə edim deyə düşünürəm? Başım xarab olub düşünməkdən. Çox çərəsiz vəziyyətdəyəm, bəzən dözə bilmirəm, hər şeyi qoyub getmək istəyirəm. Amma bu qızlara baxıram, gedə bilmirəm. Adi bir məsələ su kranının başı sınıb, onu düzəltməyə pul yoxdur. Bir tərəfdən də su axır, pul yazır. Oğlum damar tutulmasına görə müalicə almalıdır, həkimlər hətta ayaqda çürümə gedə biləcəyini deyirlər”.
İndi ən azı başlarını salacaqları ev var. “Sovetski” sökülür və bundan sonra onların taleyinin necə olacağı sual altındadır. Bu evdə isə yalnız iki uşaq qeydiyyatdadır.
Reyhan xanım gəlinin xalasının evə və uşaqlara iddialı olduğunu, lakin uşaqları heç kimə vermək istəmədiyini deyir: “Gəlinimin valideynləri ölüb. Ancaq xalası bu evə iddia edir. Guya ev söküləndən sonra uşaqları götürüb saxlayacaq. Amma bu uşaqlara indi kömək lazımdır. Mənim özümün Zığda bir koma kimi evim var. Orada da normal şərait yoxdur ki, uşaqları ora aparım. Bir sözlə, çox çətin vəziyyətdəyəm. Tək istəyim bu uşaqların sənədlərini həll etməkdir. Ən azı dövlət onların bu vəziyyətini nəzərə alıb, müavinət ayırar ki, heç olmasa yeməyə çörək taparlar”.
“Ümidli Gələcək” Gənclər Təşkilatının icraçı direktoru Kəmalə Aşumova deyir ki, bu vəziyyətdə məsələnin yerli icra hakimiyyəti tərəfindən həll edilə bilər: “Bu məqamda yerli icra hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına müraciət olunmalıdır. Komissiya uşağın yaşayış şəraitini qiymətləndirməlidir. Bu araşdırmadan sonra onların uşaq evinə yerləşdirilməsilə bağlı İcra hakimiyyəti tərəfindən sərəncam hazırlanıb Təhsil Nazirliyinin Deinstitutlaşdırma və Uşaqların müdafiəsi departamentinə yönəldilir. Onlar sənədlərə baxıb, uşağa uyğun müəssisəyə yerləşdirilir”.
K.Aşumovanın sözlərinə görə, əgər nənə uşaqları müəssisəyə yerləşdirmək istəmirsə, bu zaman ailənin sosial durumu düzəldilməlidir: “Atanın səhhəti normal vəziyyətə qaytarılmalıdır. Uşaq müəssisəyə verilməmişdən əvvəl onun sosial durumu qiymətləndirilir, kiminlə hansı şəraitdə yaşamasına baxılır. Bu problemləri həll etmək mümkün olsa, uşaq ata olmasa belə, nənənin himayəsinə verilə bilər. Bu zaman ona aylıq müavinət verilməsi mümkündür. Əlbəttə, bu qərar vəziyyət detallı qiymətləndiriləndən sonra verilə bilər. Əsas məqsəd uşaqların internat müəssisələrinə düşməməsidir. Lakin bəzən bu, mümkünsüz olanda məcbur qalırıq ki, onları inernata verək. Ailənin sosial vəziyyətinin düzəlməsi üçün mübarizə aparmaq lazımdır”.