19 Sentyabr 2017 11:17
612

Müasir meqapolislərdə yaşayanlar, “sivilizasiyalı” Qərb əhalisi hələlik dünyada nə qədər insanın qida çatışmazlığından, yaxud sadə dillə desək, aclıqdan əziyyət çəkdiyini təxmin etmirlər.

Teleqraf.com xəbər verir ki, hazırda bütün dünyada aclıqdan əziyyət çəkənlərin sayı 815 milyona çatır. Belə çıxır ki, planetin hər onuncu sakini – bu da dəqiq qiymətləndirmə deyil – hətta, normal qidalana bilmir. Bundan daha çox uşaqlar əziyyət çəkir, aclıqdan ölənlər arasında uşaqlara daha çox rast gəlinir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı – FAO-nun qiymətləndirməsinə görə, aclıqdan əziyyət çəkənlər daha çox Asiyadadır – 520 milyon. Onu 243 milyon aclıqdan əziyyət çəkənlə Afrika izləyir. Latın Amerikası və Qəraib dənizi hövzəsində aclıqdan əziyyət çəkənlərin sayı 42 milyondur. Özü də bu yalnız ötən ilə dair məlumatdır. Xüsusilə, təbiət kataklizmləri və müharibələr nəticəsində bu rəqəmləri daha da artacağını güman etmək olar.

Beləliklə, dünyada bu sahədə vəziyyət yaxşılığa deyil, pisliyə doğru gedir. Tədqiqatçılar deyirlər ki, bəşəriyyət 2030-cü ilədək gerçəkdən aclıqla üz-üzə qalacaq.

Belə bir məqamda bizim müasir dünyamızda 640 milyon insan kökəlmədən əziyyət çəkir və yararlı ərzağın 30 faizi zibil qablarına atılır. Biz hələ dünyanın aparıcı ölkələrinin silahlanmaya trilyonlarla dollar sərf etməsindən danışmırıq. Hansı ki, həmin vəsaitlə dünyada əsl cənnət yaratmaq mümkün olar. Hər bir insan normal qidalana, geyinə və başının üstündə bir dam ola bilər.


Müəllif: Səxavət