21 Sentyabr 2017 17:48
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) Dövlət Yol Polisi Şöbəsi (DYPŞ) əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, həmçinin sərnişindaşıma qaydalarını kobud şəkildə pozaraq insanların həyatını təhlükə altında qoyan avtobus və mikroavtobus sürücülərinin müəyyən edilməsi məqsədi ilə reyd keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, reyd zamanı Bakıdan Sumqayıta və əks istiqamətə qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobus sürücüləri saxlanılaraq xətdən kənarlaşdırılıb. Reyd nəticəsində sərnişin daşınması üçün nəzərdə tutulan standartlara cavab verməyən, müvafiq fərqlənmə nişanı olmayan 24 avtobus mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.

Araşdırmalar zamanı məlum olub ki, həmin avtobusların əksəriyyətinin konstruksiyalarında dəyişikliklər edilərək salonlarına əlavə oturacaqlar quraşdırılıb.

Saxlanılan avtobus sürücülərinin sənədləri yoxlanılan zaman onların əksəriyyətinin həmin nəqliyyat vasitələrini idarə etmək üçün müvafiq kateqoriyası və sürücülük hüququnun olmadığı məlum olub. Həmçinin aparılan araşdırmalar zamanı sərmişin mikroavtobusu kimi fəaliyyət göstərən bir neçə nəqliyyat vasitəsinin əvvəllər yük maşını kimi istismar edildiyi də müəyyən edilib.

Bakı-Sumqayıt magistral yolundan mütəmadi olaraq istifadə edən sərnişinlərə, tələbələrə, o cümlədən valideynlərə bu cür qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülərin idarə etdiyi texniki cəhətdən nasaz mikroavtobuslardan istifadə etməmələri tövsiyə olunur.

Sumqayıt ŞPİ DYPŞ əməkdaşları tərəfindən qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı reydlər mütəmadi olaraq davam etdiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər