BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası xarici işlər nazirlərinin qeyri-rəsmi iclası keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Ramil Həsənov təşkilatın gündəliyində duran məsələlər haqqında məlumat verib.
İclasda çıxış edən Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığın və dayanıqlı siyasi dialoqun gücləndirilməsində TDƏŞ-in oynadığı xüsusi rolu qeyd edib.
Görüşdə TDƏŞ-in yüksək səviyyəli görüşlərinin keçirilməsi, müvafiq sənədlərin ratifikasiyası, TDƏŞ-in BMT Baş Məclisində müşahidəçi statusu və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı, təşkilat çərçivəsində sahəvi əməkdaşlıq istiqamətlərinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Elmar Məmmədyarov eyni zamanda Türk Şurası və Xoca Əhməd Yasəvi Beynəlxalq Türk-Qazax Universitetinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar Ankarada beynəlxalq konfransın təşkil edilməsinə görə TDƏŞ-in katibliyinə təşəkkür edib və sözügedən tədbirdə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun məzmunlu çıxışını yüksək qiymətləndirib.