26 Sentyabr 2017 14:33
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmlak Məsələləri Dövlət Komitəsi 26 sentyabrda növbəti hərrac keçirib.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, hərracda özəlləşdirilən istifadəsiz qeyri-yaşayış sahəsi paytaxtın Xətai, Suraxanı, Nərimanov rayonlarında yerləşir. Qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi isə 17-55 kv.m arasında dəyişir.

Paytaxtın Xətai rayonunda yerləşən qeyri-yaşayış sahəsi əlverişli obyekt olmaqla investorları özünə cəlb edib. Adı çəkilən obyektin özəlləşdirilməsi ilə bağlı 2 sifariş verilib. Bu zaman isə investorlar tərəfindən əmlaka edilən təkliflər ard-arda səsləndirilib. Belə ki, əmlakın ilkin start qiyməti 7 min 500 manat olduğu halda, ən son 12 min 200 manata özəlləşdirilib. Adı çəkilən obyektin ümumi faydalı sahəsi 50 kv.m-ə yaxındır. Bu qeyri-yaşayış sahəsi üzrə hərracın rəqabətli olması əmlakın həm münasib qiymətindən, həm də gəlir gətirmə potensialının yüksək olmasından xəbər verir. Obyekt investor üçün xidmət, iaşə sahəsində yaxşı qazanc gətirə bilər.

Qeyri-yaşayış sahəsi üzrə keçirilən hərraclarda yaşanan tendensiya nəqliyyat vasitələrində də müşahidə edilib. Belə ki, hərraca çıxarılan avtomobillərə edilən təkliflərin çoxluğu prosesi daha da rəqabətli edib. Özəlləşdirilməyə çıxarılan Toyota Land Cruiser GX markalı avtomobilə 4 sifariş verilib. Həmin nəqliyyat vasitəsinin ilkin start qiyməti 9 min 500 manat olmasına baxmayaraq 13 min 545 manata sahibini tapıb. Qeyd edilməlidir ki, qalib evindən internet vasitəsilə onlayn qatılan sifarişçi olub. Rəqabətli olması ilə seçilən daha bir nəqliyyat vasitəsi Nissan Sunny olub. Adı çəkilən nəqliyyat vasitəsinə 5 sifariş verilib. İlkin start qiyməti 2 min manata olan Nissan Sanni ən son 3 min manata özəlləşdirilib. Qeyd edilməlidir ki, hər iki avtomobilin buraxılış tarixi 2001-ci ildir.

Hərracda özəlləşməyə çıxarılan əmlaklara sifarişlər elektron qaydada verilib.

Bugünkü hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Həmin əmlakın ümumi faydalı sahəsi 60 kv.m-ə yaxın olub.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər