Sahil Vəliyevin ixtisasca baytar olması barədə gedən informasiya böhtandır.
Bu sözləri Teleqraf.com-a açıqlamasında İmişli rayonunun Sarıxanlı kəndində baytarın orta məktəbə direktor təyin edilməsi xəbərinə münasibət bildirərkən İmişli rayon Təhsil Şöbəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Vilayət Əliyev deyib.
Onun sözlərinə görə, Sahil müəllim 1997-ci ildə Təfəkkür Universitetinin Hüquq fakültəsini bitirib:
“Daha sonra 2008-ci ildə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetinin “Dil və ədəbiyyat” fakültəsinin ixtisas artırma kursunu keçib. Ali təhsilli müəllimdir. Müəllimlərin Diaqnostik Qiymətləndirməsində iştirak edib. Əgər baytar olsaydı, Təhsil Nazirliyinin müəllimlər üçün keçirdiyi Diaqnostik Qiymətləndirmədə necə iştirak edə bilərdi”.
Qeyd edək ki, bu gün mətbuatda İmişli rayon Sarıxanlı kənd 1 nömrəli orta məktəbinə təyin edilən Sahil Vəliyevin ixtisasca baytar olması barədə məlumat gedib. Məlumatda bildirilib ki, adı çəkilən şəxs hazırda kənd təsərrüfatı ilə məşğuldur. Məktəbdə saxta diplomla işləyir və onun bu diplomu Təhsil Nazirliyi tərəfindən tanınmır.